Hörmüz boğazında İraq nefti üçün xüsusi marşrutlar ayrılacaq
İran və Oman Hörmüz boğazından İraq neftini daşıyan tankerlərin keçidi üçün xüsusi dəniz marşrutlarının müəyyənləşdirilməsi barədə razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, İraqın dövlət xəbər agentliyi “INA” bu barədə məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, xüsusi marşrutların yaradılmasında məqsəd Hörmüz boğazında gəmiçiliklə bağlı məhdudiyyətlər nəticəsində İraqın üzləşdiyi iqtisadi itkiləri azaltmaqdır.
Nazirin sözlərinə görə, Tehran və Maskat boğaza giriş-çıxış marşrutları ilə bağlı razılıq əldə ediblər. Marşrutların texniki koordinatları hazırlanıb və onların Beynəlxalq Dəniz Təşkilatına (IMO) təqdim olunması nəzərdə tutulur.
Əraqçi ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyatlara başlamaq ehtimalına da toxunub. O, Tehranın mümkün müharibəyə hazır olduğunu, bununla yanaşı, diplomatik danışıqlar üçün imkanları açıq saxladığını bildirib.
12:34 21.10.2026
Oxunuş sayı: 133