24 min manata satılan musiqi alətinin sirri
Oasis qrupunun üzvü Noel Gallagherə məxsus olmuş gitara hərracda 12 min funt-sterlinqə satılıb.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
1997-ci ildə istehsal olunan və “Manchester City” klubunun mavi rəngində olan məhdud sayda buraxılmış “Epiphone” gitarasının Noel Gallagherə istehsalçı tərəfindən hədiyyə edilən eyni tipli beş gitaradan biri olduğu bildirilir. Gitara daha sonra qrupun keçmiş səs mühəndisi Huw Richardsa verilib.
Hərracda Richardsın kolleksiyasından “Oasis” qrupunun “What's the Story Morning Glory?” albomuna görə təqdim edilmiş 11 platin disk də 2 min funt-sterlinqə satılıb. Disklər albomun Böyük Britaniyada 3,3 milyondan çox nüsxə satmasını qeyd etmək üçün “Creation Records” tərəfindən ona təqdim edilmişdi.
Richardsın kolleksiyasındakı digər əşyalar arasında qrupun konsert turları üçün hazırlanan materiallar, reklam məhsulları və “Be Here Now” qol saatı da olub. Qrupun tur heyəti üçün hazırlanmış “Kangol” yağış gödəkçəsi isə 2 min funt-sterlinqə alıcı tapıb.
Hərracda “Oasis”in yaranmasından əvvəl fəaliyyət göstərən “The Rain” qrupunun nadir konsert bileti 2 400, qrupun erkən demo lentlərindən biri 3 600, ilk dövrə aid fotolar kolleksiyası isə 5 400 funt-sterlinqə satılıb. Noel Gallagherə məxsus olmuş bir cüt dəri ayaqqabı da 1 200 funt-sterlinqə alınıb.
Bununla yanaşı, “Supersonic” mahnısının üz qabığında yer alan və 100-150 min funt-sterlinq dəyərində qiymətləndirilən kiçik royal satılmayıb.
Hərraca çıxarılması planlaşdırılan “The Desk Tapes” adlı, “Oasis”in 1990-cı illərdəki konsertləri, səs yoxlamaları və məşqlərindən ibarət 100 saatdan çox qeydlərdən ibarət kolleksiya isə qrupun məhkəməyə müraciət etməsindən sonra satışdan çıxarılıb. Kolleksiyanın 1,2-1,6 milyon funt-sterlinqə satılacağı gözlənilirdi. Hərracı təşkil edən “Littleton Auctions” hüquqi mübahisə həll edilənədək satışın təxirə salındığını açıqlayıb.
04:20 04.10.2026
Oxunuş sayı: 60