Elektrik avtomobilləri bu xəstəlikləri yaradır
Elektrik avtomobillərində sərnişin kimi gedən bəzi insanların digər avtomobillərlə müqayisədə daha güclü ürəkbulanma və hərəkət xəstəliyi yaşadığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Şimali Londondan olan 24 yaşlı Lola Baird iki il əvvəl sevgilisinin elektrik avtomobili almasından sonra bu problemi yaşamağa başlayıb. O, əvvəllər hərəkət xəstəliyindən əziyyət çəkmədiyini, lakin elektrik avtomobilində uzun səfərlər zamanı güclü ürəkbulanma hiss etdiyini bildirib. Vəziyyət o həddə çatıb ki, Lola sevgilisindən avtomobili dəyişməsini istəyib.
BBC-yə danışan digər insanlar da elektrik avtomobillərində sərnişin kimi hərəkət edərkən özlərinin və ya uşaqlarının daha çox ürəkbulanma yaşadığını bildiriblər. Bununla belə, bir çox elektrik avtomobili sürücüsü belə bir problemlə qarşılaşmadığını qeyd edir.
“King's College London”un anatomiya və biomexanika üzrə baş müəllimi, hərəkət xəstəliyi ilə bağlı araşdırmalar aparan doktor İrene Di Culio bildirib ki, indiyədək aparılan tədqiqatlar bəzi insanların elektrik avtomobillərində adi avtomobillərlə müqayisədə daha şiddətli hərəkət xəstəliyi yaşaya biləcəyini göstərir.
Çikaqodakı “Northwestern Medicine” tibb mərkəzinin başgicəllənmə və vertiqo üzrə ixtisaslaşmış nevroloqu doktor Nikolas Hak da bəzi pasiyentlərinin elektrik avtomobillərində daha tez hərəkət xəstəliyinə tutulduqlarını söylədiklərini bildirib.
Onun sözlərinə görə, ayda təxminən iki pasiyent elektrik avtomobilində hərəkət zamanı ürəkbulanma yaşadığını xüsusi olaraq qeyd edir.
03:40 04.10.2026
Oxunuş sayı: 62