"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
“ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində sentyabrın 30-da “Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Memorandum müdafiə sənayesinin tələblərinə uyğun yüksəkixtisaslı mühəndis və texniki kadrların hazırlanmasını, ali təhsil müəssisələri, müdafiə sənayesi müəssisələri və tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsini, tələbə və akademik heyət mübadiləsini, birgə elmi-tədqiqat layihələrinin və innovativ texnologiyalar üzrə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, “ADEX-2026” sərgisi çərçivəsində müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahələrini əhatə edən Türkiyə - Azərbaycan müdafiə sənayesi sahəsində akademik əməkdaşlığa dair sənəd, Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi ilə Türkiyənin Müdafiə Sənayesi Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma, ASELSAN zavodunun yaradılmasına dair ilkin razılaşma, Boğaziçi Savunma ilə RF əsaslı sistemlərin hazırlanmasına dair anlaşma memorandumu, "Kayı Savunma" şirkəti ilə əməkdaşlığa dair anlaşma memorandumu, “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilə "Makine ve Kimya Endüstrisi" şirkəti arasında strateji əməkdaşlıq və “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilə OTOKAR şirkəti arasında logistika dəstəyi üzrə əməkdaşlıq müqaviləsi olmaqla, ümumilikdə 7 anlaşma və əməkdaşlığa dair sənəd imzalanıb.
20:54 30.09.2026
Oxunuş sayı: 45