Məmurlarımızın şəffaflığı yoxlanılmalıdır - İqtisadçı
Azərbaycanda elektron pul köçürmələri üzrə maliyyə monitorinqi qaydalarında yeni yanaşma tətbiq olunur. Müvafiq qərara əsasən, bir təqvim ili ərzində elektron köçürmələrin ümumi məbləği 20 min manata çatdıqdan sonra müştərinin həyata keçirdiyi növbəti elektron köçürmələr barədə məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Maliyyə Monitorinqi Xidməti 20 min manatlıq hədd üzrə hesabatlılıq mexanizminə yenidən baxıldığını və daha effektiv mexanizmin hazırlanması üzərində iş aparıldığını açıqlayıb. Yeni qaydalar və müzakirələr fonunda bu mexanizmin vətəndaşların gündəlik bank əməliyyatlarına təsiri necə olacaq?
Crossmedia.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov böyük məbləğdə pul köçürmələri zamanı vəsaitin mənbəyinin araşdırılması ilə bağlı Azərbaycanda mövcud mexanizmin effektiv işləmədiyini bildirib. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri gəlir və əmlak bəyannaməsi sisteminin tətbiq olunmamasıdır: “Reallıqda bunun heç bir əhəmiyyəti yoxdur. Düzdür, xarici ölkələrdə, inkişaf etmiş ölkələrdə, eləcə də bəzi qonşu ölkələrdə müəyyən məbləğdən çox olan əməliyyatlar zamanı çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində vətəndaşdan soruşa bilərlər ki, bu pul niyə, hardandır sənə və hara köçürürsən, niyə köçürürsən? Amma Azərbaycanda bu mexanizm işləmir. Ona görə ki, bizdə pulların leqal mənbəyini araşdırmaq mümkün deyil”.

Hüquqşünas bildirib ki, bəzi ölkələrdə vətəndaşların gəlir və xərc bəyannaməsi təqdim etməsi vəsaitlərin mənbəyinin sonradan yoxlanılmasına imkan verir. Onun fikrincə, Azərbaycanda belə bir sistemin olmaması böyük məbləğlər üzrə vəsaitin mənşəyinin müəyyənləşdirilməsini çətinləşdirir: “Digər ölkələrdə gəlir və xərc bəyannaməsi deyilən bir şey var. Hər bir vətəndaş ildə bir dəfə bəyannamə verir. Buna görə də sabah səndən nəsə pul gedəndə soruşula bilər ki, bu hardandır, sən axı bunu bəyan etməmişdin. Bizdə isə bu mümkün deyil. Bizdə bu bəyannamə sistemi olmadığı üçün, əgər mən lap 1 milyard da köçürsəm, kimsə hardansa çıxartsam, soruşsalar deyəcəyəm ki, babamdan qalıb, nənəmdən qalıb, filankəsdən qalıb. Vəssalam. Yəni bunu heç cür yoxlamaq olmur və mən buna görə məsuliyyətə cəlb oluna bilmərəm”.
Əkrəm Həsənov inkişaf etmiş ölkələrdə isə vətəndaşın təqdim etdiyi məlumatların əvvəlki bəyannamələrlə müqayisə edilə bildiyini qeyd edib: “Amma dediyim kimi, inkişaf etmiş ölkələrdə sən o sözü deyə bilmirsən. Çünki deyirlər ki, yaxşı, əgər sənə babandan qalıbsa, sən niyə bunu vaxtında bəyan etməmişdin? Bu, xəbər olur. Bizdə də bu sistem niyə yoxdur?”
Hüquqşünas Azərbaycanda bu sahə ilə bağlı qanunvericiliyin qəbul edildiyini, lakin həmin mexanizmin tam tətbiq olunmadığını bildirib. Onun sözlərinə görə, 2005-ci ildə bu istiqamətdə qanun qəbul edilib və Azərbaycan BMT-nin müvafiq konvensiyasına qoşulub: “Əslində, 2005-ci ildə bizdə də bu sahədə qanun qəbul olunub. BMT-nin konvensiyasına qoşulmuşuq ki, məmurlarımız bəyannamə verəcək. Yəni biz başlamışdıq heç olmasa məmurlardan. Amma həmin qanun işləmir. Yəni həmin bəyannamənin formasını hazırlamayıb, təsdiq etmir, blankı yoxdur. Buna görə də 21 ildir ki, həmin qanun icrasız qalıb”.
Əkrəm Həsənov hesab edir ki, əvvəlcə vəzifəli şəxslərin, daha sonra isə digər vətəndaşların gəlir və əmlaklarının bəyan edilməsi sistemi işlək vəziyyətə gətirilməlidir: “Birinci gərək məmurlar bəyannamə versin, sonra adi vətəndaşlar. Buna görə də indi bizim bank sistemi, dövlət orqanları başlayıblar özlərini elə aparmağa ki, guya bizdə də xaricdə olan o sistem var. Deyirlər, ay vətəndaşlar, 20 minlə olanda, nə bilim, yoxlayacağıq. Mən sual verirəm: necə yoxlayacaqsınız? Onu nə ilə tutuşduracaqsınız? Hardan biləcəksiniz?”
Hüquqşünasın sözlərinə görə, bəyannamə sistemi olmadan vətəndaşdan vəsaitin mənbəyi barədə məlumat tələb edilməsi həmin məlumatın obyektiv şəkildə yoxlanılmasını çətinləşdirir: “Bax, çağırırsan vətəndaşı, nə deyəcəksən ona? Sən deyəcəksən, bu hardandır, o da sənə istənilən cavabı verə biləcək. Buna görə də bu, sadəcə gözdən pərdə asmaq, yəni xarici, beynəlxalq təşkilatların gözündən pərdə asmaq üçündür. Bir də öz vətəndaşlarımızı qorxutmaq üçün”.
Nigar Xəlilli
19:15 30.09.2026
Oxunuş sayı: 36