Rusiyada neft bazası dronların hədəfinə çevrildi
Rusiyanın Krasnodar diyarının Pavlovsk rayonunda neft bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, rayon rəhbəri Roman Paraxin bu barədə “Maks” messencerindəki kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hadisə yerli vaxtla saat 03:12-də Pavlovskaya stanitsasının Proyezdnaya küçəsində yerləşən neft bazasının ərazisində baş verib.
Hücumdan sonra ərazidə bərpa işlərinin əlaqələndirilməsi üçün bələdiyyə qərargahı yaradılıb. Operativ və fövqəladə hallar xidmətləri hadisə yerində fəaliyyət göstərir.
Paraxin vəziyyətin nəzarətdə olduğunu, pilotsuz uçuş aparatlarının hücumunun nəticələrinin aradan qaldırılması istiqamətində işlərin aparıldığını bildirib.
Qeyd edək ki, sentyabrın 24-nə keçən gecə Ukrayna ordusu Rusiyanın cənub bölgələrinə dronlarla zərbələr endirib. Krasnodar diyarında hücum nəticəsində müəssisələrdən birində yanğın baş verib. Davam edən dron hücumları fonunda Kubanda regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Bundan əvvəl Soçiyə dron hücumunun nəticələri barədə də məlumat yayılıb.
10:57 28.09.2026
Oxunuş sayı: 45