Moskva İrəvanı KÜNCƏ SIXIR: “Tələblər yerinə yetirilməsə, qazınız kəsiləcək”
Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik yarandığına dair məlumatlar yayılıb. Ermənistanın “Hraparak” qəzeti Rusiyadakı mənbələrinə istinadən Moskvanın İrəvana bir sıra siyasi tələblər irəli sürdüyünü və bu tələblər yerinə yetirilmədiyi halda noyabrın 1-dən Ermənistana qaz tədarükünün dayandırıla biləcəyini yazıb. Errmənistanın Avropaya yönəlməsi fonunda Rusiya Ermənistan münasibətlərindəki gərginlik davam edir. Son addım isə Ermənistanı konkret seçim etmək məcburiyyətində qoyur.
Crossmedia.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli son dövrlərdə Rusiyanın Ermənistana qarşı müxtəlif istiqamətlərdə təzyiq kampaniyasını genişləndirdiyini bildirib: “Son vaxtlar həqiqətən də Rusiyanın Ermənistana qarşı bütün istiqamətlər üzrə təzyiq kampaniyası genişlənməyə başlayıb. Artıq Kreml Ermənistan problemini daha sürətlə həll etmək niyyətini birüzə verir. Ona görə də hazırda Paşinyan hakimiyyətinə yönəlik olduqca ciddi tələblər və şərtlər irəli sürülməkdədir. Böyük ehtimalla Paşinyanın Putinlə növbəti görüşündə bu mövzular Ermənistanın Baş nazirinin önünə gətiriləcək və həmin mövzular üzrə Ermənistandan konkret olaraq Rusiyanın maraqlarına uyğun addımların atılması tələb ediləcək. Böyük ehtimalla rəsmi İrəvan da bu reallığı bilir”.

Onun sözlərinə görə, Moskva hazırda əsas təzyiq vasitələrindən biri kimi iqtisadi-ticari amillərdən istifadə edir: “Hazırda Kreml əsasən iqtisadi-ticari faktorları Ermənistana qarşı əsas təzyiq silahına çevirməkdədir və bu da böyük ölçüdə effektiv nəticələr verməkdədir. Çünki Ermənistan iqtisadi-ticari baxımdan Rusiya bazarlarından və Rusiyanın maliyyə mənbələrindən birbaşa asılıdır. Avropa Birliyinə yönəlik manevrlər hələlik Paşinyan hakimiyyətinin qarşıya qoyduğu hədəflərin reallaşdırılması üçün ümidverici məzmun daşımır. Ona görə də indi Paşinyan hakimiyyəti Rusiya faktorunu mütləq nəzərə almaq məcburiyyətindədir”.
Elçin Xalidbəyli Rusiyanın qaz amilindən təzyiq vasitəsi kimi istifadə edə biləcəyi ilə bağlı iddiaların Ermənistan üçün ciddi nəticələr doğura biləcəyini bildirib: “Belə anlaşılır ki, əgər Rusiya Ermənistana qarşı təbii qaz faktorundan silah kimi, geopolitik silah kimi istifadə etmək niyyətinə düşərsə, bu, Ermənistan iqtisadiyyatı və ümumiyyətlə, Ermənistanın sosial-siyasi səhnəsi üçün olduqca dağıdıcı nəticələr verə bilər”.
Politoloq bəzi iddialarda enerji resurslarının ixracının dayandırılması və ya qiymətlərin artırılmasının Ermənistan iqtisadiyyatına ciddi təsir göstərə biləcəyinin qeyd olunduğunu vurğulayıb: “Hətta bəzi iddialara görə, enerji resurslarının Ermənistana ixracının dayandırılması və yaxud da onların qiymətinin bahalaşdırılması Ermənistan iqtisadiyyatı üçün çox ciddi nəticələrə səbəb ola bilər. Artıq Ermənistan hökumətində iqtisadi sektora, maliyyə-iqtisadi sahəyə rəhbərlik edən bəzi funksionerlər bu barədə Baş nazir Nikol Paşinyana və onun yaxın çevrəsinə xəbərdarlıqlar etməyə başlayıblar”.
Sonda Elçin Xalidbəyli Avropa İttifaqının dəstəyinin səviyyəsinin də Ermənistanın qarşıdakı seçimlərinə təsir göstərə biləcəyini qeyd edib: “Əgər Avropa Birliyinin Ermənistana dəstəyi gecikərsə və yaxud da lazımi səviyyədə olmazsa, o zaman Paşinyan hakimiyyəti Rusiyanın iqtisadi-ticari zərbələri qarşısında müdafiəsiz qala bilər. Belə vəziyyətdə Paşinyan hakimiyyəti istəməsə belə, Rusiyanın bəzi şərtlərini qeyd-şərtsiz qəbul etmək məcburiyyətində qala bilər. Bu baxımdan, böyük ehtimalla Ermənistanın gələcək taleyinin necə olacağı ilə bağlı bir çox suallara yaxın aylarda, təxmini də olsa, aydınlıq gətirilmiş olacaq”.
Nigar Xəlilli
19:00 24.09.2026
Oxunuş sayı: 46