Bu gün Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
Milli Qəhrəmanlarımız Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canını fəda edən əfsanəvi insanlardır. Onlar yalnız doğulduqları ailənin yox, bütün xalqın övladına çevrilir, yaddaşlara qəhrəmanlıq dastanı kimi həkk olunurlar. Bu gün 21 yaşında şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşən igid oğullarımızdan biri olaraq tariximizdə əbədi iz qoyub.
Natiq Qasımovun həyatı və mübarizəsi
1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dünyaya göz açan Natiq uşaqlıqdan vətənpərvər bir şəxs kimi tanınmışdı. 1975-ci ildə ailəsi ilə Mingəçevirə köçdükdən sonra burada təhsil aldı və peşə məktəbində qaynaqçı ixtisasına yiyələndi. Hələ gənc yaşlarında hərbi xidmətə yollanan Natiq Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmət edərək hərb sahəsində təcrübə qazandı. 1991-ci ildə Azərbaycana qayıtdıqdan sonra artıq onun həyatında yeni bir mərhələ başlamışdı.
Xocalı faciəsi Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazıldı. Bu faciə Natiq Qasımovun qəlbindəki vətən sevgisini daha da alovlandırdı. O, tapdanan namusumuz və işğal edilən torpaqlarımız uğrunda döyüşmək üçün yenidən silaha sarıldı.
Son döyüş və Şəhidlik Zirvəsi
1992-ci ildə Xocalının Pirlər kəndində düşmənə qarşı aparılan şiddətli döyüşlərdə Natiq Qasımov adını əfsanəyə çevirdi. Həmin döyüşlərdə yalnız 7 Azərbaycan əsgəri düşmənə qarşı müqavimət göstərirdi. Digər 6 əsgər şəhid olduqdan sonra Natiq düz 5 gün ərzində ac susuz təkbaşına döyüşərək düşmənə ağır zərbələr vurdu. Onun qəhrəmanlığı yalnız bu döyüşlə bitmədi. Əsir düşərkən belə Vətən bayrağını özü ilə götürərək onun düşmənin əlinə keçməsinə imkan vermədi.
Natiq Qasımovun göstərdiyi qəhrəmanlıq yalnız onun ailəsi üçün deyil, bütün Azərbaycan xalqı üçün şərəf və qürur mənbəyidir. O, cəmi 21 yaşında şəhid olaraq əbədi həyat qazanmışdır.
Natiq Qasımovun əbədi xatirəsi:
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Onun xatirəsi xalqımızın ürəyində əbədi yaşayır. Natiqin adı məktəblərə, küçələrə verilib, haqqında filmlər çəkilib, kitablara dastan olub.
Bu gün, 2 yanvar, qəhrəmanımızın doğum günündə onu böyük sevgi və hörmətlə yad edirik. Onun kimi igidlərimizin mübarizəsi bizə azad bir Vətəni miras qoyub. Azərbaycan xalqı həmişə Natiq Qasımov və onun kimi qəhrəman oğullarının ruhuna borcludur.
Ayhan Ağarzayev
10:05 02.01.2025
Oxunuş sayı: 4888