Qohum evlilikləri davam edir - nə etməli?
Qohum evlilikləri Azərbaycanda həm hüquqi, həm də tibbi baxımdan diqqət çəkən məsələlərdəndir. 2025-ci il iyulun 1-dən etibarən Ailə Məcəlləsinə edilən dəyişikliklərlə müəyyən qohumlar arasında nikah bağlanması qadağan edilib. Yeni qaydalar ümumi bioloji baba və ya nənəsi olan bəzi əmiuşağı, xalaoğlu, bibioğlu və dayıoğlu cütlüklərinə, eləcə də müəyyən əmi, dayı, bibi və xala ilə bacı və qardaş qızları və oğulları arasındakı nikahlara şamil olunur.
Məhdudiyyətlərin əsas səbəblərindən biri qohum nikahlarının genetik risklərlə əlaqəsidir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, qan qohumluğu olan valideynlərdə nadir genetik anadangəlmə xəstəliklərin yaranma ehtimalı artır və bu cür nikahlar bəzi ağırlaşmaların riskini yüksəldə bilər. Bu baxımdan, qohum evliliklərinin ailə, cəmiyyət və gələcək nəsillərin sağlamlığı baxımından yaratdığı risklər məsələnin yalnız hüquqi deyil, həm də tibbi və sosial aspektdən müzakirəsini aktuallaşdırır.

Crossmedia.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov qohum evliliklərinin qanunvericiliklə məhdudlaşdırılmasının bəzi hüquqi problemlərə səbəb ola biləcəyini bildirib: “Qohum evliliyi dövlət tərəfindən Ailə Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə qadağan olunub. Amma hesab edirəm ki, qanunvericiliyə bu dəyişikliyin edilməsi çıxış yolu deyildi. Mən bir hüquqşünas kimi əvvəldən bunu demişdim. Ona görə də insanlar rəsmi nikaha girmədən də ailə qururdular, dini kəbin və digər vasitələrdən istifadə edirdilər. İndi də bunu tətbiq edirlər”, - deyə hüquqşünas qeyd edib.
Onun sözlərinə görə, əsas problemlərdən biri belə münasibətlərin sonradan hüquqi mübahisələrə səbəb ola bilməsidir: “Qohum evliliyini əsas gətirməklə ən ciddi problem gələcəkdə cütlüklər arasında ayrılıqlar baş verdikdən sonra qadınların əmlak hüquqlarının tapdalanmasıdır. İkincisi isə uşaqların gələcəkdə aliment və ya vərəsəlik hüquqlarının həyata keçirilməsində ciddi maneələr və problemlər yarana bilər”.
Hüquqşünas alternativ olaraq qohumlar arasında nikah zamanı məcburi genetik müayinənin aparılmasını təklif edib: “Əgər müəyyən olunarsa ki, bu şəxslərin gələcəkdə doğula biləcək uşaqlarında ciddi fiziki və ya digər formada qüsurların yaranması riski var, dövlət bu evliliyi qeydə almamalıdır. Əgər belə bir risk yoxdursa, dövlət bununla bağlı heç bir əngəl törətməməlidir. Ümumiyyətlə, bu sahə digər tibbi müayinələrdən də daha ciddi şəkildə yoxlanılmalıdır”.
Sosioloq Üzeyir Şəfiyev qohum evliliklərinin qarşısının alınması üçün hüquqi və tibbi maarifləndirmənin gücləndirilməsinin vacibliyini bildirib: “Bu, gözlənilən bir şey idi. Qanun iyulun 1-dən qüvvəyə minəndə də gözlənilirdi ki, belə yollara əl atmağa çalışacaqlar. Amma bununla bağlı hüquqi maarifləndirmə aparılmalıdır ki, insanlar bilsinlər, bu halda hüquqa zidd davranış göstərirlər və hüquqi məsuliyyət yarana bilər”, - deyə sosioloq qeyd edib.

Onun sözlərinə görə, qohum evliliklərinin yaratdığı risklərlə bağlı cəmiyyətdə həm səhiyyə, həm də hüquqi savadlılığın artırılmasına ehtiyac var: “Məsələ burasındadır ki, onların həm səhiyyə savadlığı yoxdur, həm hüquqi maarifləndirmə davamlı şəkildə aparılmalıdır ki, onlar anlasınlar, bunun nə qədər həm hüquqa zidd, həm də səhiyyə baxımından, tibbi baxımdan problemli olduğunu bilsinlər”.
Sosioloq vurğulayıb ki, bu istiqamətdə media və televiziya vasitəsilə mütəmadi məlumatlandırma aparılmalıdır: “Bununla bağlı sahə mütəxəssisləri mütəmadi olaraq media vasitəsilə, televiziya vasitəsilə məlumat verməlidirlər. Sosial çarxlar hazırlanıb yayımlanmalıdır ki, insanlar bunun fəsadlarının nə olduğunu, nə baş verə biləcəyini və hansı təhlükələrin gözləyə biləcəyini bilsinlər”.
Nigar Xəlilli
19:30 21.09.2026
Oxunuş sayı: 47