Kosmosda əkin-biçin işləri başlayıb
Kosmosda uzunmüddətli insan fəaliyyətinin qarşısındakı əsas məsələlərdən biri ərzaq və digər həyat təminatı ehtiyaclarının Yerdən asılılığını azaltmaqdır. Çin bu istiqamətdə Tiangong kosmik stansiyasında müxtəlif bitkilərin yetişdirilməsi üzrə təcrübələri genişləndirir. Hazırda stansiyada kahı, kök, günəbaxan, kartof və buğda da daxil olmaqla 14 bitki növünün 20-dən çox çeşidi yetişdirilib.
Təcrübələr yalnız kosmosda təzə ərzaq əldə etmək məqsədi daşımır. Çin alimləri bitkilərdən istifadə etməklə su, hava və qidanın qapalı sistemdə yenidən dövriyyəyə buraxılmasını nəzərdə tutan həyat təminatı sistemlərini də araşdırırlar. Bu istiqamətdə əldə olunan nəticələr gələcəkdə uzunmüddətli kosmik missiyalar, Ayda mümkün yaşayış məntəqələri və daha müstəqil kosmik ekosistemlərin yaradılması üçün əhəmiyyət daşıya bilər.
Crossmedia.az-a açıqlamasında ekoloq Fikrət Cəfərov Marsda bitki yetişdirilməsi ilə bağlı aparılan tədqiqatların gələcəkdə həm kosmosda, həm də Yer kürəsində kənd təsərrüfatı üçün yeni imkanlar yarada biləcəyini bildirib:
“2-3 belə eksperiment və tədqiqat aparılıb. Axırıncı tədqiqatlar İlon Mask tərəfindən Marsla bağlı keçirilib. Amerikada, Avropada və Çində də bu istiqamətdə tədqiqatların aparıldığını bilirəm. Bu tədqiqatların nəticələri çox yüksəkdir”, - deyə ekoloq qeyd edib.
Onun sözlərinə görə, kartof yetişdirilməsi ilə bağlı aparılan təcrübələrdə konkret ekosistemlər formalaşdırılır: “Dünyada hazır olan üsullarla, hidroponika, aeroponika və ayrı-ayrı yüksək səviyyəli imkanlarla belə sistemlər yaradılır. Mən fikirləşirəm ki, gələcək üçün həmin tədqiqatlar və onların nəticələri böyük imkanlar verir”.
Ekoloq vurğulayıb ki, bu texnologiyalar yalnız Marsda deyil, Yer kürəsində də tətbiq oluna bilər: “İlon Mask bir dəfə qeyd etdi ki, bu tədqiqatların nəticələri Mars planetində koloniya yaratmağa imkan verəcək. Mən fikirləşirəm ki, bu tədqiqatlar davam edir və çox yüksək nəticələr verir. Həmin üsul və texnologiyaların bu gün Yer kürəsində də istifadə olunması yüksək səviyyəli məhsul və qida məhsulları əldə etməyə imkan verir”.
Nigar Xəlilli
19:00 21.09.2026
Oxunuş sayı: 45