Süni intellekt arxivləri oxumağa başlayıb - tarix saxtalaşacaq?
Yüzillər əvvəl yazılmış bir sənəd, köhnə qəzet səhifəsi və ya illərlə arxiv rəflərində qorunan əlyazma təkcə keçmişdən qalan kağız parçası deyil, tarixin öyrənilməsi üçün mühüm mənbədir. Lakin belə materialların araşdırılması heç də asan proses deyil. Köhnə sənədlərin oxunması, mətnlərin rəqəmsallaşdırılması, minlərlə səhifə arasında konkret məlumatın tapılması və müxtəlif mənbələrin bir-biri ilə müqayisəsi tədqiqatçıdan uzun zaman və ciddi əmək tələb edir. Süni intellekt isə son illərdə məhz bu proseslərin müəyyən hissəsini sürətləndirə bilən vasitə kimi arxiv və tarix araşdırmalarına daxil olur. Yeni tədqiqatlarda AI-nin arxiv materiallarının təsviri, sənədlərin mətnə çevrilməsi, məlumatların sistemləşdirilməsi və axtarış imkanlarının genişləndirilməsində istifadəsi araşdırılır.
Məsələn, Avropa İttifaqının Tarixi Arxivlərində süni intellekt skan edilmiş sənədlərdən strukturlaşdırılmış və axtarışa yararlı məlumat bazalarının hazırlanması üçün sınaqdan keçirilib. ABŞ Milli Arxiv və Sənədlər İdarəsi də arxiv materiallarının daha sürətli və kontekstli axtarışı, sənədlərin təsnifatı və rəqəmsal kolleksiyalara çıxışın asanlaşdırılması üçün AI əsaslı layihələr üzərində işləyir. Bununla belə, arxiv materialında məlumatı tapmaqla həmin məlumatı düzgün başa düşmək eyni şey deyil. Sənədin hansı şəraitdə yazıldığını, mənbənin etibarlılığını, tarixi konteksti və müxtəlif mənbələr arasındakı ziddiyyətləri qiymətləndirmək hələ də tədqiqatçının mühüm vəzifələrindən biri olaraq qalır. Bəs süni intellekt arxivlərdə insan tədqiqatçını nə dərəcədə əvəz edə bilər?
Mövzu ilə bağlı professor Qərənfil Dünyəminqızı Crossmedia.az-a açıqlamasında bildirib:
“Elmi-texniki tərəqqi nəticəsində bu gün əvvəllər mümkün olmayan bir çox işin həyata keçirilməsi mümkündür. Süni intellekt də məhz elmi-texniki inkişafın nəticəsi olaraq geniş imkanlara malikdir və müxtəlif sahələrdə mürəkkəb proseslərin həyata keçirilməsinə kömək edir. Buna görə də arxivlərdə qorunan materialların araşdırılması və onların müasir texnologiyalar vasitəsilə emalı da süni intellektin imkanları daxilində ola bilər. Amma mənə elə gəlir ki, bəzi məsələlərin daha dolğun və dəqiq tədqiqində insanın rolu danılmazdır. Tədqiqatın aparılması yalnız məlumatın tapılması və sistemləşdirilməsi ilə məhdudlaşmır. Xüsusilə tarixi və elmi mənbələrin araşdırılmasında həmin materialın məzmununu, dövrün xüsusiyyətlərini və müxtəlif mənbələr arasındakı əlaqələri düzgün qiymətləndirmək mühüm əhəmiyyət daşıyır".
Ekspert qeyd edib ki, süni intellekt bu gün arxivlərlə bağlı çətin və vaxt aparan işlərdə tədqiqatçılara ciddi şəkildə yardımçı ola bilər: "Bilirsiniz ki, arxivlərdə işləmək çox çətindir. Yüzilliklər, hətta minilliklər əvvəldən qalan sənədlər və müxtəlif mənbələr var. Onların arasında araşdırma aparmaq, lazımi məlumatları üzə çıxarmaq, həmin sənədləri oxumaq, müqayisə etmək və yeni elmi dövriyyəyə gətirmək böyük zəhmət tələb edir. Süni intellekt isə bu prosesin müəyyən mərhələlərini sürətləndirərək tədqiqatçıya böyük kömək göstərə bilər. Müasir texnologiyaların arxiv materiallarının rəqəmsallaşdırılması, mətnlərin tanınması, böyük həcmli sənədlər arasında axtarış aparılması və məlumatların sistemləşdirilməsi kimi məsələlərdə istifadə olunması olduqca faydalıdır. Bu baxımdan süni intellektin tədqiqatçının işini asanlaşdırması və əvvəllər əlçatmaz və ya çətin araşdırılan materialların üzə çıxarılmasına imkan yaratması müsbət haldır. Amma yenə də deyirəm, elə məsələlər var ki, orada tədqiqatçı düşüncəsi, tədqiqatçı yanaşması və tədqiqatçının öz münasibətini ortaya qoyması əvəzolunmazdır. Xüsusilə tarixi mənbələrin təhlili zamanı yalnız məlumatı əldə etmək kifayət etmir. Həmin məlumatın hansı şəraitdə meydana gəldiyini, nə demək olduğunu və digər mənbələrlə necə əlaqələndirilə biləcəyini müəyyənləşdirmək üçün insanın analitik düşüncəsinə ehtiyac var. Ona görə də süni intellekti tədqiqatçını əvəz edən vasitə kimi deyil, onun imkanlarını genişləndirən və araşdırma prosesini asanlaşdıran mühüm texnologiya kimi qiymətləndirmək daha doğru olar”.
Zeynəb Həsən
18:30 21.09.2026
Oxunuş sayı: 56