TikTok-dan bu məqsədlə istifadə bir neçə il həbsə səbəb ola bilər
Sosial şəbəkələrdə yerləşdirilən saxta elanlar artıq yalnız internet istifadəçilərinin vaxtını deyil, pullarını da hədəfə alır. Son hadisələrdən biri TikTok platformasında xırdabuynuzlu heyvanların satışı ilə bağlı saxta elanlar üzərindən həyata keçirilən dələduzluq faktıdır. Araşdırma zamanı məlum olub ki, 32 yaşlı Orxan Həsənov quzu və digər xırdabuynuzlu heyvanların satışı ilə bağlı saxta elanlar yerləşdirib. Elanlarla maraqlanan şəxslərdən əvvəlcədən beh alan şəxs daha sonra onlarla əlaqəni kəsib. Daxil olan şikayətlərdən sonra polis əməkdaşları şübhəli şəxsin kimliyini müəyyənləşdirərək onu Sumqayıt şəhərində saxlayıblar.
Bu hadisə sosial şəbəkələrdə yayılan elanların nə dərəcədə etibarlı olduğu məsələsini yenidən gündəmə gətirir. Xüsusilə işə qəbul, məhsul satışı və müxtəlif xidmətlərlə bağlı elanlarda qarşı tərəfdən əvvəlcədən pul tələb edilməsi riskli hallardan biri hesab olunur. Saxta hesablar, anonim profillər və real kimliyi müəyyən etməkdə çətinlik çəkilməsi isə belə hallarda zərərçəkənin hüquqi müdafiəsini daha mürəkkəb edə bilər. Bəs sosial şəbəkədə tanımadığı şəxsin vədinə inanaraq pul köçürən vətəndaşı hansı hüquqi məsuliyyət məsələləri gözləyir və belə şəxslərin müəyyənləşdirilməsi nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Crossmedia.az-a açıqlamasında bildirib:

“Ümumiyyətlə, insanı aldadıb əmlakını — o cümlədən pulunu ələ keçirmək dələduzluqdur. Yəni onun etibarından sui-istifadə edərək və ya yalan vədlər verərək bu əməli törətmək dələduzluq sayılır. Bəli, belə hallarda bu əməl dələduzluqdur və ən azı (əgər məbləğ çox deyilsə) bir neçə il azadlıqdan məhrumetmə cəzasına kimi məsuliyyət nəzərdə tutulur. Sadəcə burada problem nədir? Pulu aldadıb alan şəxsin kimliyi məlumdurmu? Onun şəxsiyyətini eyniləşdirmək mümkündürmü? Əksər hallarda, xeyr. Bilirsiniz, TikTok-da heç bilinmir ki, o ümumiyyətlə kimdir: adı, soyadı, şəxsiyyət vəsiqəsi və s. Yəni vətəndaş kimdən şikayət etsin? Desin ki, TikTok-dakı filankəs və ya o görüntü heç insan da deyil, nə bilim, süni intellektin bir məhsuludur? Onun arxasında duranı müəyyən etmək qeyri-mümkündür.
Pulu kimə vermisən? Əksər hallarda onların heç ümumiyyətlə Azərbaycanda izi yoxdur, xaricdədirlər. Bu halda, təbii ki, heç kəs bu işlə məşğul olmayacaq və olmasının da bir faydası yoxdur. Yəni nə etsinlər, o pulu kimdən alacaqlar, kimi məsuliyyətə cəlb edəcəklər?
Sadəcə məni bir az insanların davranışı təəccübləndirir: tanımadığı adama — tanıyıram deyir, amma ümumiyyətlə kim olduğunu bilmir, nə şəxsiyyət vəsiqəsi var, nə adı-soyadı — götürüb pul köçürürlər ki, “sən məni işə düzəlt”. Nəyə görə bizim insanımız sosial şəbəkələrdəki elanlara belə etibar edir? Gedib o şəxsi canlı görmədən bu addımı atırlar”.
Zeynəb Həsən
17:30 21.09.2026
Oxunuş sayı: 53