Ebola epidemiyası hər an qapımızı döyə bilər - diqqətli olun
Konqo Demokratik Respublikasında Ebola virusunun yaratdığı epidemiya davam edir və xəstəliyin yayılma coğrafiyası genişlənir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sentyabrın 10-da açıqladığı son məlumatlara görə, sentyabrın 7-dək ölkədə 6757 təsdiqlənmiş yoluxma və 3267 ölüm qeydə alınıb. Epidemiya artıq ölkənin altı əyalətində 61 səhiyyə zonasını əhatə edir. ÜST xəstəliyin KDR-də yaratdığı riski çox yüksək, ölkə ilə quru sərhədi olan dövlətlər üçün isə yüksək qiymətləndirir. Təşkilat eyni zamanda Afrika regionunun qalan hissəsi və qlobal səviyyədə riski hazırda aşağı hesab edir. Hazırkı epidemiya Ebola virusunun Bundibugyo növündən qaynaqlanır. ÜST bildirir ki, bu virusun təbii rezervuarı kimi meyvə yarasalarından şübhələnilir və insanlara yoluxma əsasən xəstə vəhşi heyvanların qanı və ya digər bioloji mayeləri ilə yaxın təmas nəticəsində baş verir. Daha sonra virus insandan insana qan, ifrazatlar və digər bioloji mayelərlə birbaşa təmas, eləcə də çirklənmiş səth və əşyalar vasitəsilə yayıla bilir.
ÜST-nin məlumatına görə, xəstəliyin inkubasiya dövrü 2-21 gün arasında dəyişir və yoluxmuş şəxslər simptomlar başlayana qədər adətən yoluxdurucu olmurlar. Xəstəlik qızdırma, halsızlıq, əzələ ağrısı, baş ağrısı və boğaz ağrısı kimi qeyri-spesifik əlamətlərlə başlaya, daha sonra mədə-bağırsaq problemləri, orqan disfunksiyası və bəzi hallarda hemorragik təzahürlərlə ağırlaşa bilər.
Hazırda KDR-də xəstəliyin yayılmasının qarşısının alınması üçün müşahidə, laborator müayinə, kontaktların izlənməsi, izolyasiya, müalicə və infeksiyadan qorunma tədbirləri həyata keçirilir. ÜST sərhədyanı ölkələrdə nəzarətin gücləndirilməsinin vacibliyini bildirir. Təşkilat hazırkı vəziyyətdə təsirlənmiş ölkələrə səyahət və ticarətə məhdudiyyət qoyulmasını tövsiyə etmir.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib ki, Ebola virusu hemorragik qızdırmalara aid olan, kifayət qədər ciddi və fatal bir infeksiyadır. Biz mütəmadi olaraq Konqo Demokratik Respublikası və Uqanda ərazisində — bu zonada Ebola epidemiyalarının müşahidə olunduğunu görürük:
"Bu virusun təbii rezervuarı yarasalar və primatlardır. İnsanlar bu heyvanların bioloji mayeləri ilə təmasda olduqda yoluxurlar, daha sonra isə infeksiya insandan insana ötürülür. Əlbəttə, Ebola təmas yolu ilə yayılır və hazırda onun hava-damcı yolu ilə yoluxma potensialı yoxdur. Əgər bu virus belə bir xüsusiyyət qazanarsa, çox böyük təhlükəyə gətirib çıxara bilər. Nəzərə alaq ki, Ebola poliorqan çatışmazlığına və sonda çox güclü daxili qanamalara səbəb olan bir xəstəlikdir. Burada ölüm göstəricisi də kifayət qədər yüksəkdir. Nitekim, hazırda Konqoda xəstələnənlərin böyük əksəriyyətində ölüm halları qeydə alınır. İnfeksiyanın lokallaşdırılması üçün lazım olan tədbirlər görülür, Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə müvafiq işlər aparır və düşünürəm ki, bu epidemiya da lokallaşdırılacaq. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, infeksiyanın ayrı-ayrı yerlərdə epizodik şəkildə sıçraması mümkündür. Çünki insanlar bəzən haradasa təmas yolu ilə yoluxurlar və qloballaşan dünyada bir yerdən digər yerə miqrasiya edirlər. Buna görə də belə infeksiyaların olduğu yerlərdə dərhal sərt karantin tədbirləri həyata keçirilməlidir. Yəqin ki, bu tədbirlər artıq orada tətbiq olunur və hesab edirəm ki, yaxın vaxtlarda Ebola virusu epidemiyasının səngiməsinin şahidi olacağıq”.
Zeynəb Həsən
17:00 18.09.2026
Oxunuş sayı: 61