Mənəvi dəyərlərdən Türk dünyasının birliyinə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi Türk dünyası və İslam aləmi ilə mənəvi, mədəni və humanitar əlaqələrin inkişafına verilən əhəmiyyətin növbəti ifadəsi oldu.
Crossmedia.az xəbər verir ki, Bakıda keçirilən görüşün xüsusi məna daşımasının əsas səbəblərindən biri TDT-nin Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda baş tutmasıdır. Prezident İlham Əliyev çıxışında bu iki tədbirin bir araya gəlməsini Azərbaycanın zəngin tarixi və mənəvi irsi ilə Türk dünyasının və İslam aləminin müasir əməkdaşlıq gündəliyinin vəhdəti kimi diqqətə çatdırıb.
Seyid Yəhya Bakuvi Azərbaycan xalqının çoxəsrlik elmi-fəlsəfi və mənəvi irsinin görkəmli nümayəndələrindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaradıcılığı Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrin zənginliyini göstərir. Bu irsin öyrənilməsi və beynəlxalq səviyyədə təbliği milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə dini liderlərin roluna da xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev müsəlman dini rəhbərlərinin səsləndirdiyi fikirlərin böyük auditoriyaya təsir imkanına malik olduğunu vurğulayaraq onların sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa çağırışlarının əhəmiyyətini qeyd edib. Müasir dünyada müxtəlif qarşıdurmaların və mürəkkəb proseslərin yaşandığı bir vaxtda dini liderlərin dialoq və həmrəylik naminə birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər də görüşdə diqqətə çatdırılıb. Prezident İlham Əliyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində çoxsaylı təşəbbüslərlə çıxış etdiyini, 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini xatırladıb. Dövlət başçısı İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsini Azərbaycanın əsas yanaşmalarından biri kimi təqdim edib.
Bu baxımdan Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməsi də diqqətçəkən hadisədir. Prezident İlham Əliyev Azərbaycanın müxtəlif beynəlxalq platformalarda birləşdirici və əməkdaşlığa yönəlmiş mövqe tutduğunu vurğulayıb. Qarşılıqlı anlaşmanın gücləndirilməsi və müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi belə tədbirlərin əsas məqsədlərindən biri kimi önə çıxır.
Görüşün mühüm istiqamətlərindən biri də Qarabağın dini və mədəni irsi ilə bağlı olub. Nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər etməsi nəzərdə tutulub. Bu səfərlər işğaldan azad edilmiş ərazilərdəki tarixi və dini irslə tanış olmaq, eyni zamanda, həyata keçirilən bərpa və quruculuq işlərini yerində görmək baxımından əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Qarabağda 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması və genişmiqyaslı quruculuq prosesinin həyata keçirilməsi barədə fikirlərini bölüşüb.
Ağdam məscidinin bu tədbirlər çərçivəsində xüsusi yer tutması da təsadüfi deyil. Məscid Qarabağın dini və tarixi yaddaşında mühüm məkanlardan biridir. Dini liderlərin burada bir araya gəlməsi, daha sonra Xocalıya səfər etmələri tarixi yaddaşın qorunması və dini-mənəvi irsin gələcək nəsillərə çatdırılması baxımından xüsusi məna daşıyır.
Prezident İlham Əliyevin çıxışında Türk dünyasının mənəvi birliyinin əhəmiyyəti də ön plana çəkilib. TDT çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsi ilə yanaşı, dini liderlər arasında əlaqələrin inkişaf etdirilməsi ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.
Bu əməkdaşlığın əsas xüsusiyyətlərindən biri də dini dəyərlərin sülh və həmrəylik ideyaları ilə əlaqələndirilməsidir. Seyid Yəhya Bakuvinin irsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun mənəvi-fəlsəfi irsinin müasir dövrdə öyrənilməsi insanın mənəvi kamilliyi, mərhəmət, qarşılıqlı hörmət və barışıq kimi dəyərlərin aktuallığını bir daha gündəmə gətirir.
Görüşdə səslənən fikirlər Azərbaycanın Türk dünyası və İslam aləmi ilə əlaqələrinin yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmadığını göstərir. Tarixi yaddaş, mədəni irs, dini dəyərlər və humanitar əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynayır.
Azərbaycanın beynəlxalq dini və mədəni tədbirlərə ev sahibliyi etməsi də bu yanaşmanın praktik ifadəsidir. Bakının müxtəlif ölkələrdən dini liderləri, alimləri və ictimai xadimləri bir araya gətirən platformaya çevrilməsi ölkənin dialoq və əməkdaşlıq imkanlarını genişləndirir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də bu cür tədbirlərin davamlı xarakter daşımasının vacibliyi ilə bağlıdır. Türk dövlətlərinin müsəlman dini liderlərinin görüşlərinin müxtəlif ölkələrdə keçirilməsi ilə yanaşı, Seyid Yəhya Bakuvi irsinə həsr olunmuş konfransın ənənəvi xarakter alması təklifinin irəli sürülməsi gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını gündəmə gətirir.
Ümumilikdə, Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşü Türk dünyasının mənəvi birliyi, İslam həmrəyliyi, tarixi irsin qorunması və dinlərarası dialoqun inkişafı baxımından mühüm mesajlarla yadda qaldı. Görüş bir daha göstərdi ki, ortaq tarix və mənəvi dəyərlər xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün mühüm əsaslardan biridir.
Seyid Yəhya Bakuvinin irsinin Bakıda beynəlxalq səviyyədə müzakirə olunması isə Azərbaycanın zəngin mənəvi xəzinəsinin müasir dünyaya təqdim edilməsinin nümunəsidir. Tarixdən gələn bu irsin yaşadılması, Türk dünyası və İslam aləmi arasında əlaqələrin möhkəmləndirilməsi və sülh, qarşılıqlı hörmət və həmrəylik ideyalarının təşviqi gələcəyə yönəlmiş mühüm mənəvi dəyərlər kimi çıxış edir.
Azərbaycanın bu prosesdə fəal iştirakı ölkənin Türk dünyası və İslam aləmi ilə humanitar və mədəni əməkdaşlığa verdiyi əhəmiyyətin ifadəsidir. Bakıda keçirilən görüşün əsas mesajlarından biri də məhz budur: mənəvi birlik xalqları yaxınlaşdırır, qarşılıqlı etimad isə əməkdaşlığın davamlılığını möhkəmləndirir.
Kamran Quliyev
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini
15:37 18.09.2026
Oxunuş sayı: 42