Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edib
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edib.
Crossmedia.az xəbər verir ki, müsabiqədə ali, orta-ixtisas və ya tam orta təhsili olan, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 26-dək və boyu 1,85 metr və daha hündür olan Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.
Namizədlər Bakı və Sumqayıt şəhərlərində, həmçinin Ucar, Göyçay, Goranboy, Yevlax, Bərdə, Ağdaş, Siyəzən, Şabran və Xaçmaz rayonlarında qeydiyyatda olmaqla yaşamalıdırlar. Bundan əlavə, namizədlər “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilmiş digər şərtlərə cavab verməli, idman cüssəli olmalı, özlərinin və yaxın qohumlarının məhkumluğu olmamalıdır.
Vəzifələrin spesifikliyi, fiziki və psixoloji gərginliyi, xidmətin növbəli, bəzi hallarda isə əsas iş vaxtından əlavə müddətdə aparılması nəzərə alınaraq, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.
Ali təhsilli, xarici dillərdən hər hansı birini bilən və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.
Namizədlər üçün fiziki hazırlıq üzrə minimal normativlər belə müəyyənləşdirilib:
* 100 metr məsafəyə qaçış – 14 saniyə;
* 1000 metr məsafəyə qaçış – 4 dəqiqə;
* Turnikdə dartınma – 12 dəfə.
Müsabiqədə iştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq [email protected] elektron poçt ünvanı vasitəsilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Kadrlar baş idarəsinə göndərməlidirlər.
Yalnız elan edilmiş şərtlərə uyğun gələn vətəndaşların müraciət etməsi xahiş olunur. Əks halda müraciətlər qəbul edilməyəcək.
Elektron ərizə forması göndərilərkən əlavə məlumatların təqdim edilməsinə ehtiyac yoxdur.
Əlavə məlumat üçün +994 (12) 435-45-39 və +994 (12) 435-45-46 nömrələri ilə əlaqə saxlamaq mümkündür.
13:05 18.09.2026
Oxunuş sayı: 42