Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub
Sentyabrın 15-də Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov, Zaqatala rayon üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova, məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Sevda Cabbarova yeni tədris ili və təhsil müəssisəsinin əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə iştirakçıları salamlayıb, məktəbdə yaradılan şərait barədə məlumat verib.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov çıxış edərək gimnaziyanın əsaslı təmirdən sonra istifadəyə verilməsi və yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik edib. Son illər ölkəmizdə, o cümlədən Zaqatala rayonunda təhsilin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən və Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələrindən bəhs edib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxışında təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təhsilalanlar üçün müasir və əlverişli tədris mühitinin yaradılması istiqamətində həyata keçirilən layihə və tədbirlərin əhəmiyyətindən danışıb. İdarə müdiri müəllim və şagird kollektivinə yeni tədris ilində uğurlar arzulayıb.
Daha sonra çıxış edənlər əsaslı təmir işlərinin əhəmiyyətindən, yaradılmış müasir tədris şəraitinin şagirdlərin keyfiyyətli təhsil almasına və müəllimlərin səmərəli fəaliyyətinə imkan verəcəyindən danışıblar.
Sonda tədbir iştirakçıları gimnaziyada yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, əsaslı təmir olunmuş təhsil müəssisəsi 264 şagird yerlikdir. Yeni yaradılmış üçmərtəbəli tədris binasında kimya, biologiya və fizika laboratoriyaları, eləcə də digər tədris və yardımçı otaqlar müasir tələblərə uyğun şəkildə yenidən qurulub.
Üçmərtəbəli binada 32 şagird yerlik yataq otaqları yaradılıb, müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Məktəbin idman infrastrukturu, kitabxanası, yeməkxanası, hərbi təlim otağı və tibb məntəqəsi də şagirdlərin istifadəsinə verilib.
15:05 15.09.2026
Oxunuş sayı: 40