CROSSMEDIA - Paytaxt sakinlərinin bayram sevinci - "Hər şey yaxşı olacaq!" - FOTOLAR
Gündəm

Paytaxt sakinlərinin bayram sevinci - "Hər şey yaxşı olacaq!" - FOTOLAR

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili bayram kimi Azərbaycanda coşqu ilə qeyd olunur. İnsanlar, bayramı həm ailəvi, həm də cəmiyyət olaraq qeyd edirlər. Bu, bir ilin sonunda keçmişi qiymətləndirmək, həm də gələcəyə ümidlə baxmaq üçün fürsətə çevrilən bir gündür. 

Azərbaycanın müxtəlif ərazilərində Yeni il bayramı, özünəməxsus adət-ənənələr və milli xüsusiyyətlərlə qeyd edilir. Paytaxt Bakı və bölgələrdə Yeni ilin gəlişi fərqli şəkildə hiss olunur. Bakı şəhərinin mərkəzində, xüsusən Nizami küçəsində və Fəvvarələr meydanında, İçərişəhər ətrafında işıqlar, dekorasiyalar çox cəlbedici görünür. 

Bir-bir küçələrdən keçir, hər addımımda bayram abu-havasını hiss etməyə çalışıram. Lakin görürəm ki, ətrafdakı balaca dostlarım-uşaqlar daha çox sevinirlər. Belə hesab edirəm ki, artıq böyümüşəm... Onlar qədər də olmasa mən də bu günü sevinc dolu keçirmək üçün ətrafa nəzər salıram. Şəhərin küçələrində Şaxta baba, Qar qız, qar adamı və digər personajların geyiminə bürünən insanlar uşaqları, böyükləri əyləndirməyə çalışırlar. Hər kəs onlarla şəkil çəkdirmək üçün növbəyə düzülürlər. Elə mən də fürsətdən istifadə edir növbədə dururam, lakin vaxtımın az olduğunu görür yoluma davam edirəm. Bayram günü Tarqovı, digər adla Nizami küçəsində canlanmanı görürəm. Hər kəs çox xoşbəxt görünür. 

Ən əsası da ətrafda əlində hədiyyələr ilə sevdiklərini gözləyənlərin olması bayrama rəngarənglik qatır. Axı sevgi və dəyər hər şeydir. Yeni ildə insanların bir-birinə dəyər verməsi isə çox gözəl görünür. Gənc-yaşlı fərq etmədən insanların əllərində çiçəkləri, hədiyyələri görmək isə qışda insana necə deyərlər baharı yaşadır.

Əllərində içində işıq yanan şar, başlarında qırmızı papaqda 2025-ci il yazan balacalar ətrafda qaçır, oynayırlar. Lap qırmızı papaq nağılını xatırlayıram. Uşaq vaxtıma qayıtmaq, onlarla qaçıb oynamaq istəyirəm...

Turistlər də az deyil. Hansı səmtə baxsam xaricdən gələn ingiliscə, rusca, hintcə və digər dillərdə danışan insanları görürəm. Hətta biri ilə həmsöhbət olur, yeni ilini təbrik edirəm... 

Nizami küçəsinin mərkəzində olan "Soyuq əllər-isti ürəklər" yarmarkasına daxil oluram. Hər şey çox gözəl və rəngarəng görünür. Düşünürəm ki, gecə yanan işıqlarla bura daha da möhtəşəm görünəcək. Şam ağacının şəklini çəkmək istəyəndə iki gənc sevgili məndən şəkillərini çəkmələrimi istəyirlər. Düşünürəm ki, tam adamına-jurnalistə rast gəliblər. Əlbəttə, deyib şəkillərini çəkir, sonra yoluma davam edirəm. Gənclər böyük şövqlə xarici və milli mahnılar səsləndirirlər, dayanıb mən də yerimdən bir az zümzümə edirəm. Elə bu an gözüm qırmızı şaxta baba paltarı geyindirilən meymuna sataşır. Üzünü görməsəydim yəqin ki, ilk baxışdan uşaq olduğunu hesab edərdim. 

Ətrafdakı ləziz təamların qoxusu isə demək olar ki, bütün küçəyə yayılıb. Mən də gəzməyə çox vaxtım olsun deyə yeməyimi tez yeyirəm. 

Nizami küçəsindən çıxır, İçərişəhərə doğru irəliləyirəm. Qədim qalanın ortasındakı yamyaşıl və böyük şam ağacı diqqətimi çəkir. Qədimiliklə müasirliyin vəhdət təşkil etdiyi bu yer çox cəlbedici görünür. İçərişəhərdə də kiçik yarmarka təşkil edilib. Bir-bir əl işləri ilə tanış oluram. Hər birinin əl əməyi, göz nuru olması isə onları daha da qiymətli edir...

Buradan çıxır, Bakı bulvarına doğru gedirəm. Hava bir az soyuqdur. Küləyin xəfif əsməsi xoşuma gəlir. Kofeni tək içməyi sevməsəm də bu dəfə təəssüf ki, məcbur qalıram. İsti kofemi alır, bir az da bulvarı seyrə çıxıram...

Dənizin yanı ilə irəliləyirəm. Bir kişi əlindəki yeməkdən kiçik qırıntılar kəsərək dənizin üzərindəki körpüdən göyə-quşlara doğru atır. Möhtəşəm görüntüdür... Bir anlıq bütün dərd-qəmimin o quşların qanadında getdiyini düşünürəm. Real aləmdən uzaqlaşır, xəyal dünyama qərq oluram. Keçmişi, gələcəyi və bu günü düşünürəm. Uşaqlıqdan bu yana keçirdiyim bütün bayramları, doğmalarımı, sonradan mənə doğma olanları, yadlaşanları və 2024-cü ilin mənə qazandırdığı o möhtəşəm insanları düşünürəm. Hesab edirəm ki, keçən ilin qazandırdığı möhtəşəmlikləri 2025 daha da gücləndirəcək və gələcəyə aparacaq. Bu diləyi də diləyir, xəyal dünyamdan ayrılır, bu görüntünü əbədiləşdirmək üçün onların da şəklini çəkirəm...

Bir az irəlidə təmizlik işçilərinin işlədiyini görürəm. Tez-tez ətrafı təmizləməyə çalışırlar. Yəqin ki, onlar da evə tez getmək, ailələri ilə vaxt keçirmək istəyirlər. Düşünürəm ki, bayram günü də işləyən, öz vəzifələrini icra edən insanların haqqı ödənməzdir. 

Bulvardakı yarmarkaya üz tuturam burada da ətraf balaca dostlarım ilə dolub-daşır. Gülür, əylənir, maral və digər heykəllərin qarşısında şəkil çəkdirmək üçün can atırlar. Dünyanın qadınların və uşaqların gülüşündən gözəlləşdiyini düşünürəm. Onlar güldükcə mənim də gülümsəyim gəlir.

İstər-istəməz xoşbəxt oluram... Hər uşağın gülüşündə gələcəyə doğru ümid və inam görürəm. Axı gələcəyə inanmaq, ümid bəsləmək vacibdir...
Hava bir az daha soyuyur, artıq əlimdəki kofenin də soyuduğunu hiss edirəm... Belə düşünürəm ki, evə getməyin vaxtı çatıb. 

Bu an əzəmətlə dalğalanan Azərbaycan bayrağını görürəm. Fikirləşirəm ki, bu xalq nələrin öhtəsindən gəlməyib, hansı hadisələrə sinə gərməyib ki... Amma daim bir yumruq kimi birləşməyi hər zaman bacarıb, bacaracaq da. 

2024-cü il və bundan əvvəl ki, illər də çox şey yaşadıq. Xalq olaraq bir gözümüz ağlayanda, digəri vüqarla gülümsədi... Hesab edirəm ki, qarşıdan gələn illərdə də öz gücümüzü hər zaman göstərəcəyik... Qəhrəman qızımız Hökümənin də dediyi kimi "Hər şey yaxşı olacaq"...

Daim birlikdə olmaq, bütün çətinliklərə sinə gərmək, bir yumruq kimi güclü olmaq və 2024-cü ilin bizə qazandırdığı uğurları, ən əsası da insanları itirməmək, sevmək və hər zaman sevilmək diləyi ilə bayramımız mübarək!...

Banuçiçək Kalbalıyeva

17:07 31.12.2024

Oxunuş sayı: 10106

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR