Şou-proqramlar ailə dəyərlərini ayaqlar altına alır - İlahiyyatçı
Sentyabrın 12-si 2026-cı ildə İstanbulda keçirilməsi planlaşdırılan elektron musiqi ifaçısı Anyma-nın konsertinin ləğv edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar ziddiyyətli açıqlamalara səbəb olub. Konsertin təşkilatçısı və bilet satıcısı tərəfindən rəsmi ləğv açıqlaması verilməsə də, İstanbul Valiliyinin İl Mətbuat və Xalqla Əlaqələr Müdiri Emin Gökçegözoğlu konsertin ləğv edildiyini təsdiqləyib. Onun sözlərinə görə, qərara səbəb sənətçinin konsertlərində “satanist ünsürlərin” yer alması olub. Bu tip konsertlərdə zaman-zaman gündəmə gələn məsələ məhz bu tip ünsürlərin olub-olmamasıdır. Bəs maraqlıdır anyma-nın hərəkətlərində hansısa satanizm simvolu varmı?
İlahiyyatçı Fazil Əhməd crossmedia.az-a açıqlamasında müsəlman ölkələrində dini simvolların və satanizmlə əlaqələndirdiyi görüntülərin şou-konsertlərdə nümayiş etdirilməsini müəyyən layihələrin tərkib hissəsi hesab etdiyini bildirib: “Müxtəlif müsəlman ölkələrində bu simvolların və satanizmi təbliğ edən müxtəlif görüntülərin şahidi olmuşuq. Bu görüntülərin müşayiət olunduğu konsertlər də keçirilib. Əminliklə deyərəm ki, bu, bir növ layihədir. Bir neçə növ layihə var. Məsələn, bir neçə il bundan qabaq və ya bir müddət bundan əvvəl Məkkədə ərəblərin icazəsi ilə Kəbə görüntüsü ilə şou-konsert verildi. Bunlar layihələrdir, müsəlman ölkələrində həyata keçirilir”.
Ekspertin sözlərinə görə, bu cür tədbirlər müsəlman cəmiyyətlərinin dəyərlərindən uzaqlaşmasına təsir göstərə bilər, şou proqramlarının insanları təhsildən və ailə dəyərlərindən uzaqlaşdırmaq məqsədi daşıya bilər: “Elə ona görə də düşünürəm və dəqiq əminəm ki, müsəlman ölkələrində şou-verilişlərin daha çox ayaq açmasının və ya buna külli miqdarda pulların sərf olunmasının əsas səbəbi insanları düşünməkdən, təhsildən, ciddi ailə dəyərlərindən uzaq salmaqdır və bu, açıq-aydın görünür. Çünki o şou-proqramlarında ailə dəyərləri ayaqaltı olunur və eyni zamanda insanlara bu təbliğ olunur: müvəffəqiyyətin yolu şouya qatılmaqdır, bizim şoumuza qatılmaqdır”.

İlahiyyatçı uşaqlar və yeniyetmələrə təsir məsələsinin də diqqətdə saxlanılmalı olduğunu deyib. O, Azərbaycanda uşaqlara aid tədbirlərdə satanizm və LGBT elementlərinin yer aldığı konsertlərin təşkil edildiyini iddia edib və bunun cəmiyyətin tənqidinə səbəb olduğunu bildirib. Fazil Əhməd Türkiyədə bu cür tədbirlərin qarşısının alınmasını da müsbət qiymətləndirib: “Odur ki, bunu təqdir edirəm. Cəmiyyətin bu məsələdə ayıqlıq göstərməsi və həmrəylik nümayiş etdirməsi, eyni zamanda sosial psixoloqların, psixoloqların bu sahədə cəmiyyət üçün təhlükəli olan cərəyanların nə dərəcədə təhlükəli olması barədə çıxışları Türkiyədə təqdirəlayiqdir. Mən də bunu təqdir edirəm”.
F.Əhməd milli musiqi və folklorun təbliğ olunduğu tədbirləri isə müsbət qiymətləndirdiyini qeyd edib. Onun sözlərinə görə, muğam, xalq mahnıları və Azərbaycan folkloru ilə bağlı konsertlərin keçirilməsi təbii haldır: “Təbii konsertlərin verilməsi, Azərbaycan milli musiqisinin təbliğ olunması, Azərbaycanın müxtəlif bölgələrində konsertlərin keçirilməsi, xalq mahnılarının oxunması, bunun təbliği, muğamın təbliği, eyni zamanda Azərbaycan folkloru ilə bağlı müxtəlif bölgələrdə konsertlərin keçirilməsi. Bunu təbii hesab edirəm və bunu təqdir edirəm. Amma məhz özündə bu cür elementləri nümayiş etdirən konsertlərin və tədbirlərin keçirilməsi bu layihədir. Bu, açıq-aşkar layihədir, layihənin tərkib hissəsidir. Ona görə də heç vaxt buna müsbət yanaşa bilmərəm”.
Nigar Xəlilli
15:00 07.09.2026
Oxunuş sayı: 45