10 gün sonra möcüzə: Tuneldən sağ çıxarıldı
Nepalda buzlaq, qaya və palçıq axınının səbəb olduğu fəlakətdən 10 gün sonra dağıntılar altında qalan daha bir nəfər sağ çıxarılıb. Çin vətəndaşı olan Lu Haitao 225 metr uzunluğundakı tuneldən xilas edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” Nepal hakimiyyətinə istinadən məlumat yayıb. Nepal ordusunun bildirdiyinə görə, Lu Haitao “Upper Trishuli-1” hidroenerji layihəsinin tunelindən çıxarılıb və onun vəziyyəti stabil olub.
Xilas edilən şəxsin görünən xəsarətləri olmadığı, lakin yüngül hipotermiya əlamətləri göstərdiyi bildirilib. O, helikopterlə hərbi hospitala aparılıb. Bu, avqustun 26-da baş verən fəlakətdən sonra müxtəlif tunellərdən sağ çıxarılan üçüncü şəxsdir.
Nepal hakimiyyətinin məlumatına görə, daşqınlar nəticəsində azı 1 344 nəfər həlak olub, təxminən 4 887 nəfər isə itkin düşüb. İtkinlər arasında 583 xarici vətəndaşın olduğu bildirilir. Çin isə Tibetdə 31 nəfərin öldüyünü, 531 nəfərin itkin sayıldığını açıqlayıb.
Xilasetmə əməliyyatları davam edir. Hakimiyyət tunellərdə təxminən 900 nəfərin ilişib qala biləcəyini ehtimal edir.
17:54 05.09.2026
Oxunuş sayı: 51