Ukrayna Baş Prokurorluğunda axtarışlar təstiqləndi
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) ölkənin Baş prokuroru Ruslan Kravçenkonun istifadə etdiyi xidməti kabinetdə axtarış aparıb.
Crossmedia.az xəbər verir ki, TASS Ukrayna Baş Prokurorluğunun bununla bağlı açıqlamasına istinadən məlumat yayıb.
Baş Prokurorluğun məlumatına görə, istintaq hərəkətləri sentyabrın 5-nə keçən gecə, təxminən gecə yarısı baş tutub.
Axtarışlar NABU və Ukrayna Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) Baş Prokurorluq əməkdaşının rəhbərlik etdiyi cinayətkar qruplaşmanın ifşası üzrə keçirdiyi xüsusi əməliyyat çərçivəsində aparılıb.
İstintaqın versiyasına görə, sözügedən qruplaşma dələduzluqla məşğul olan çağrı mərkəzlərinin fəaliyyətinə himayədarlıq etməkdə və əldə olunan vəsaitlərin leqallaşdırılmasında şübhəli bilinir. NABU və SAP daha əvvəl qruplaşmanın 2025-ci ilin ortalarında Baş Prokurorluğun struktur bölmələrindən birinin rəhbəri tərəfindən yaradıldığını açıqlayıb.
Məlumata görə, istintaq çərçivəsində Baş Prokurorluğun digər vəzifəli şəxsləri ilə bağlı da araşdırmalar aparılır.
Qeyd edək ki, sentyabrın 4-də Ruslan Kravçenkonun kabinetində və evində axtarış aparıldığı barədə məlumat yayılmışdı. Həmin vaxt Baş Prokurorluğun sözçüsü bu məlumatı təkzib etmiş, Kravçenkonun nə evində, nə də kabinetində istintaq hərəkətlərinin aparılmadığını bildirmişdi.
17:25 05.09.2026
Oxunuş sayı: 55