Diş çürüməsinin qarşısını bu cür ala bilərsiniz
Saqqız çeynəmək gündəlik həyatda adi vərdişlərdən biri olsa da, onun uzun müddət və həddindən artıq istifadəsi orqanizm üçün müəyyən risklər yarada bilər. Xüsusilə şəkərli saqqızların diş minasına və kariyes riskinə təsiri, uzun müddət çeynəməyin çənə oynağına yaratdığı yük, bəzi şəkər əvəzedicilərinin isə həzm sistemində narahatlıq doğura bilməsi bu vərdişin sağlamlıq baxımından müzakirə olunmasını zəruri edir. Digər tərəfdən, şəkərsiz saqqızın ağız sağlamlığına müəyyən müsbət təsirləri də olduğundan, əsas məsələ onun nə qədər və hansı tərkibdə istifadə edilməsidir.
Stomatoloq Elçin Muradov Crossmedia.az-a açıqlamasında bildirib ki, xüsusilə şəkərli saqqızın uzun müddət istifadəsi diş çürüməsi riskini artıra, davamlı çeynəmə isə çənə oynağında və əzələlərdə gərginlik yarada bilər:
“Xüsusilə şəkərli saqqızda olan şəkər ağızdakı bakteriyalar tərəfindən turşuya çevrilir. Gündə saatlarla çeynənildikdə diş minası davamlı olaraq turşuya məruz qalır və çürük riski artır. Davamlı çeynəmə dişlərin bir-birinə sürtünməsinə, zamanla minada mikroçatların və həssaslığın yaranmasına səbəb ola bilər. Saqqız yapışqan olduğu üçün plomb, körpü, breket və implant ətrafına yapışaraq onların yerindən tərpənməsi və ya çıxması riskini də yarada bilər. Şəkərsiz saqqızlarda istifadə olunan bəzi tatlandırıcılar isə çox miqdarda qəbul edildikdə qaz, köp və mədə narahatlığına səbəb ola bilər”.
Stomatoloqun sözlərinə görə, uzun müddət saqqız çeynəmək çənə oynağına da təsir göstərə bilər. O qeyd edib ki, davamlı çeynəmə nəticəsində çənədə klik səsi, ağrı, ağızın tam açıla bilməməsi, həmçinin gicgah, baş və boyun ağrıları yarana bilər:
“Çənə oynağı, yəni TMJ, gündə bir neçə saat işlədikdə yorulur. Davamlı çeynəmə oynağa və onu idarə edən əzələlərə həddindən artıq yük verir. Çeynəmə əzələləri daim işlədikdə gərginləşir. Bu da tez-tez gicgah və baş ağrılarına, hətta boyun ağrısına səbəb ola bilər. Şəkərli saqqız çürük üçün daha təhlükəlidir. Şəkərsiz və ksilitollu saqqız isə qısa müddət ərzində tüpürcək axınını artıraraq dişləri təmizləməyə kömək edə bilər, amma saatlarla çeynəmək TMJ problemini həll etmir”.
Nigar Xəlilli
14:00 05.09.2026
Oxunuş sayı: 52