Qərbi Şəriyədə vəziyyət GƏRGİNLƏŞİR: 6 400-dən çox fələstinli didərgin düşüb
BMT-nin məlumatına görə, 2023-cü ildən etibarən İsrail məskunlaşmaçılarının zorakılığı nəticəsində işğal altındakı Qərbi Şəriada 6 400-dən çox fələstinli yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.
Crossmedia.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bu barədə gündəlik mətbuat konfransında məlumat verib.
Dujarrik bildirib ki, BMT-nin humanitar yardım sahəsində çalışan əməkdaşlarının məlumatına əsasən, 2023-cü ildən indiyədək Qərbi Şəriada 130 yaşayış məntəqəsində 6 400-dən çox fələstinli məskunlaşmaçı zorakılığı səbəbindən didərgin düşüb.
Onun sözlərinə görə, bu vəziyyət 48 fələstinli yaşayış məntəqəsinin tamamilə boşalmasına səbəb olub. Bu məntəqələrdən 12-si yalnız cari il ərzində boşaldılıb.
Dujarrik qeyd edib ki, didərgin düşənlərdən 2 500-dən çoxu məhz bu il evlərini tərk etmək məcburiyyətində qalıb. Onların yarıdan çoxunu uşaqlar təşkil edir.
BMT ilə bölgədə birgə fəaliyyət göstərən təşkilatların hesabatlarına da toxunan Dujarrik bildirib ki, fələstinlilərin vəziyyəti İsrail məskunlaşmaçılarının təkrarlanan hücumları və tətbiq olunan məhdudiyyətlər səbəbindən daha da ağırlaşıb. Bunun nəticəsində humanitar ehtiyaclar da dərinləşib.
Qeyd edək ki, İsrail ordusunun 2023-cü ilin oktyabrında Qəzza zolağına hücumlara başlamasından sonra işğal altındakı Qərbi Şəriada və Şərqi Qüdsdə də İsrail hərbçiləri və İsrail məskunlaşmaçılarının fələstinlilərə qarşı basqın və hücumlarında artım müşahidə olunur.
11:34 05.09.2026
Oxunuş sayı: 40