Polis bölməsi qarşısında partlayış – TƏFƏRRÜATLAR ARAŞDIRILIR
Meksika hakimiyyəti Sakatekas ştatında polis bölməsi qarşısında törədilən avtomobil partlayışı ilə bağlı araşdırmanı davam etdirir.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Hakimiyyətin əsas araşdırma istiqamətlərindən biri hadisənin Xalisko Yeni Nəsil Karteli (CJNG) ilə Sakit okean Karteli arasında Sakatekasdakı ərazi və narkotik daşınması marşrutlarına nəzarət uğrunda mübarizə ilə əlaqəli olmasıdır. Bu barədə Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Harfuç məlumat verib.
Partlayış Sakatekas ştatının Oxokaliyente şəhərində bələdiyyə polis bölməsinin qarşısında baş verib. Hadisə zamanı avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.
Meksika rəsmilərinin son məlumatına görə, partlayış nəticəsində 11 nəfər yaralanıb və ərazidəki çoxsaylı tikililərə ziyan dəyib. Hücum zamanı təxminən 200 kiloqram partlayıcı maddədən istifadə edildiyi bildirilir.
Hakimiyyət hadisənin təşkilatçılarını və hücumun dəqiq motivini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir. Sakatekasda son dövrdə partlayıcı qurğulardan istifadə edilən hücumların artması təhlükəsizlik orqanlarının narahatlığını artırıb.
10:10 05.09.2026
Oxunuş sayı: 50