Ermənistandan Azərbaycana hansı məhsullar gətirilir - süd məhsulları, meyvə…
Azərbaycan-Ermənistan münasibətlərində siyasi dialoqla yanaşı, iqtisadi əlaqələrin bərpası istiqamətində də konkret addım atılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında ilk rəsmi ixrac əməliyyatının artıq həyata keçirildiyini açıqlayıb, lakin məhsulun adı və həcmi hələ açıqlanmayıb. Ermənistanın ixrac strukturunda qida və kənd təsərrüfatı məhsulları, o cümlədən şokolad və qənnadı məmulatları, konservlər, meyvə-tərəvəz, içkilər və digər məhsullar mühüm yer tutur. Azərbaycanın isə artıq Ermənistana neft məhsulları tədarük etdiyi və üçüncü ölkələrdən yüklərin tranzitini təmin etdiyi bildirilir. Bu mənzərə qarşılıqlı ticarətin gələcəkdə daha geniş məhsul çeşidini əhatə edə biləcəyini göstərir.
İqtisadçı Xalid Kərimli Crossmedia.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə əsas qərarverici tərəf sahibkarlar olacaq və məhsulların seçilməsində iqtisadi səmərəlilik əsas meyar kimi çıxış edəcək:
"Biz nə ala bilərik? məsələsini əsasən sahibkarlar qiymətləndirəcək. Burada dövlətlərarası alışdan söhbət getmir. Benzin, neft məsələsində vəziyyət fərqlidir. Çünki bir tərəfdən dövlət şirkətidir, digər tərəfdən isə alan iri, dövlətə bağlı şirkətdir. Neft-qaz və enerji sənayesi elə sahələrdir ki, burada dövlətin ya yaxından tənzimləməsi, ya da iştirakı olur. Amma qalan məhsullarda sahibkarlar oturub hesablayırlar ki, bu məhsulu alıb bu qədər yol pulu ödəyərək bazara gətirəcəyəm. Görəsən, bunu buradan almaq mənə sərf edir, yoxsa İrandan, Türkiyədən, Rusiyadan gətirmək daha sərfəlidir? Yəni bu cür qiymətləndirmə aparılır. Hansı variant sərfəlidirsə, məhsulu oradan gətirirlər.”

X.Kərimli ilkin mərhələdə Ermənistanın Azərbaycana ərzaq məhsulları ixrac edəcəyini gözləmədiyini qeyd edib. O, bu mərhələdə daha çox sənayedə istifadə olunan xammal və materialların, o cümlədən mis və kimya sənayesi məhsullarının gətirilə biləcəyini bildirib:
“Hesab etmirəm ki, ilkin mərhələdə ərzaq məhsulları gələcək. Çünki, nə qədər ki, sülh müqaviləsi yoxdur, həm də insanların müəyyən antipatiyası var. O baxımdan hesab etmirəm ki, xüsusən ilkin mərhələdə Ermənistan Azərbaycana, dediyiniz kimi, ərik və ya digər bu kimi məhsullar, şirə göndərsin. Bunu hələ gözləmirəm. Əsas gözləntim odur ki, xüsusən ilkin mərhələdə sənayedə istifadə olunan xammal və materiallar, mis, kimya sənayesi məhsulları və sair gətirilə bilər.”
İqtisadçı münasibətlərin gələcəkdə yaxşılaşacağı təqdirdə qarşılıqlı ticarətin də genişlənə biləcəyini ehtimal edir. Onun sözlərinə görə, belə halda kənd təsərrüfatı və ərzaq məhsullarının da ticarət dövriyyəsinə daxil olması mümkündür:
“Amma gələcəkdə vəziyyət yaxşılaşdıqca, münasibətlər, insanlararası münasibətlər və insanların bir-birinə münasibəti yaxşılaşdıqca nələri sata bilərlər? Meyvə-tərəvəz, qida və ərzaq məhsulları sata bilərlər. Məsələn, konservləşdirilmiş məhsullar, süd məhsulları, mineral su, içkilər, spirtli içkilər, dediyiniz məşhur konyakları, şərabları və sair. Yəni bunları indiki məqamda gözləmirəm, gələcəkdə isə bunlar da alınıb-satıla bilər. Amma bunların hamısının qərarını sahibkarlar verir. Tutaq ki, sahibkar məhsulu gətirib piştaxtaya qoydu, alıcı almayandan sonra sahibkar onu necə gətirsin? Ona görə də sahibkar bütün riskləri nəzərə alaraq davranacaq. Amma dediyim kimi, gələcəkdə yaxın ticarət əlaqələri qurula bilər. Həm Azərbaycandan Ermənistana, həm də Ermənistandan Azərbaycana sahibkarların idxal-ixrac əməliyyatları baş tuta bilər və bu, ərzaq və kənd təsərrüfatı məhsullarını da əhatə edə bilər.”
Nigar Xəlilli
18:00 04.09.2026
Oxunuş sayı: 51