Azərbaycan tezliklə ŞƏT-ə tamhüquqlu üzv ola bilər - RƏY
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə siyasi, iqtisadi və mədəni istiqamətlərdə daha da inkişaf edib. Eyni zamanda, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığının genişləndirilməsi, təşkilata mümkün tamhüquqlu üzvlüyü və bu platformanın Cənubi Qafqazdakı regional proseslərə təsiri gündəmin əsas məsələlərindəndir.
Bununla yanaşı, Ermənistan-Azərbaycan sülh prosesində mövcud maneələr və Rusiya-Ermənistan münasibətlərinin gələcək perspektivi də regionun siyasi mənzərəsi baxımından diqqət çəkir.
Mövzu ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a müsahibə verib:
– Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələri artıq yüksək səviyyədədir, bundan sonra necə gözlənilir?
– Mən belə başa düşürəm ki, Azərbaycan və Mərkəzi Asiyanın qəbul etdiyi bu yeni format – beş Mərkəzi Asiya ölkəsi və Azərbaycan – çox mühüm bir platformadır. Çünki ilk növbədə, həm siyasi baxımdan Azərbaycan ilə Mərkəzi Asiya arasında əlaqələr çox yüksək səviyyədədir, həm də iqtisadi və mədəni baxımdan. Onlar da müsəlman ölkələridir və tarixən bir-birimizə çox yaxınıq.

İqtisadi baxımdan isə, ilk növbədə, neft və qazın Azərbaycan ərazisindən Qərbə daşınması Azərbaycan üçün çox faydalıdır, büdcə üçün böyük əhəmiyyət kəsb edir, çünki gəlirlər artacaq.
– ŞƏT platforması Cənubi Qafqaz problemlərinin həllinə töhfə verə bilərmi?
– Şanxay Əməkdaşlıq Təşkilatı platforması ümumiyyətlə siyasi və iqtisadi baxımdan vacib bir məqamdır. Çin öz dəhlizlərini – əvvəllər Rusiya üzərindən keçən marşrutları – indi Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara görə dəyişir.
Bu səbəbdən Cənubi Qafqaz da önəmli bir aktyor kimi öz yerini tutur. Bu istiqamətdə işlər gedir və proses nə qədər dərinləşsə, Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan bir o qədər əhəmiyyətli olacaq.
– ŞƏT-ə üzvlük Azərbaycanın regional mövqeyini necə dəyişə bilər?
– İnanmıram ki, regional mövqedə kəskin bir dəyişiklik olsun. Vaxtilə, hələ mənim dövrümdə Azərbaycan ŞƏT-ə tamhüquqlu üzv olmaq istəyini rəsmi şəkildə bildirmişdi. Bununla bağlı rəsmi məktub ünvanlamışdıq. Mən Pekinə gedib orada da müzakirələr aparmışdım.
O zaman bəzi üzv ölkələr Ermənistan və Azərbaycan arasındakı münaqişəni əsas gətirirdi. Çünki Ermənistan da üzvlüklə bağlı müraciət etmişdi, məsələyə münaqişə həll olunduqdan sonra baxılmasını təklif etdilər.
İndi münaqişə, şükürlər olsun ki, bitib. İnanıram ki, tezliklə bu məsələyə ŞƏT-in üzv ölkələri tərəfindən yenidən baxılacaq və Azərbaycan təşkilata tamhüquqlu üzv kimi qəbul olunacaq.
– ŞƏT-in gələcəyi hansı amillərdən asılıdır?
– ŞƏT-in gələcəyi üzv ölkələrdən – Çin, Hindistan, Rusiya, Pakistan kimi dövlətlərdən asılıdır. Bu ölkələr Cənubi Qafqazla əməkdaşlığı genişləndirmək niyyətindədirlər və bu, Azərbaycan üçün də çox vacibdir.
– Azərbaycan-Mərkəzi Asiya-ŞƏT üçbucağı regional tarazlığı necə dəyişə bilər?
– Bu üçbucaq regional balanslılığı pozmaz, əksinə, yalnız möhkəmləndirə bilər. Əgər Ermənistan və Azərbaycan, Gürcüstanın üzv olmaq niyyəti o qədər də yoxdur, üzv ölkə kimi qəbul edilərsə, bu, əlbəttə ki, müsbət rol oynayacaq.
– Ermənistan-Azərbaycan sülh prosesində ən böyük maneə nədir?
– Hazırda sülh prosesində ən böyük maneə konstitusiya məsələsidir. Azərbaycan artıq açıq şəkildə bildirib ki, Ermənistan öz Konstitusiyasını dəyişib oradan Azərbaycana qarşı ərazi iddialarını çıxararsa, sülh sazişi imzalanacaq.
– Rusiya-Ermənistan müttəfiqliyi hazırda nə dərəcədə davamlıdır?
– Rusiya ilə Ermənistan arasındakı müttəfiqliyə gəlincə, bu münasibətlər iqtisadi baxımdan çox dərin köklərə malikdir. Əlbəttə, biz İrəvandan və Moskvadan müxtəlif siyasi bəyanatlar eşidirik. Lakin prosesin necə cərəyan edəcəyini izləməliyik.
Siyasi bəyanatlardan asılı olmayaraq, iqtisadi əlaqələri heç kim ləğv etməyib – Rusiya ilə Ermənistan arasında çox dərin iqtisadi bağlılıq var.
Zeynəb Həsən
17:00 04.09.2026
Oxunuş sayı: 50