İran Trampa xəbərdarlıq edib
İran ABŞ-ni xəbərdar edib ki, İsrail ordusu Livanın cənubundakı Əli ət-Tahir silsiləsində Hizbullaha qarşı genişmiqyaslı əməliyyata başlayarsa, İsrailə böyük zərbə endirəcək.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Agentliyin üç mənbəyə istinadən yaydığı məlumata görə, xəbərdarlıq ABŞ-yə Oman vasitəsilə avqustun ortalarında çatdırılıb. Mənbələr bildiriblər ki, İsrailin həmin mövqeyə hücumu ABŞ-nin təzyiqindən sonra hələlik təxirə salınıb.
Məlumata görə, Əli ət-Tahir silsiləsində Hizbullah üzvləri ilə yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 10-dan çox hərbçisi, o cümlədən ən azı iki yüksək rütbəli zabiti də ola bilər.
Reuters qeyd edir ki, Əli ət-Tahir silsiləsi İsrail-Hizbullah qarşıdurmasında potensial gərginlik nöqtəsinə çevrilib. Ərazinin strateji mövqeyi onun hərbi baxımdan əhəmiyyətini artırır.
İranın xəbərdarlığı İsrailin mümkün genişmiqyaslı əməliyyatının qarşıdurmanı daha da genişləndirə və İranla İsrail arasında birbaşa hərbi toqquşma riskini artıra biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.
10:54 04.09.2026
Oxunuş sayı: 44