“Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası nəşr edilib
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” adlı monoqrafiyası nəşr edilib.
Crossmedia.az bildirir ki, monoqrafiyada XX əsr Azərbaycan ədəbiyyatının, elmi-ictimai fikrinin və milli mətbuat tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin publisistik irsi və mətbuat fəaliyyəti ilk dəfə sistemli şəkildə araşdırılıb. Ədibin publisistikasının mövzu, ideya, janr və üslub xüsusiyyətləri dövri mətbuat materialları əsasında təhlil olunub, onun Azərbaycan publisistikasının inkişafı və milli mətbuat tarixindəki yeri elmi baxımdan yüksək qiymətləndirilib. Tədqiqatda Mir Cəlalın 1920-ci illərin ikinci yarısından etibarən ölkənin aparıcı qəzet və jurnalları ilə əməkdaşlığı, mətbuatın cəmiyyətin mənəvi inkişafındakı roluna dair baxışları işıqlandırılıb.
Monoqrafiya filoloqlar, ədəbiyyatşünaslar, jurnalistlər, tədqiqatçılar, ali məktəb müəllimləri, doktorant və magistrantlar, həmçinin Mir Cəlal irsi və Azərbaycan mətbuat tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Kitabın elmi redaktoru və ön sözün müəllifi Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi dosent Gülbəniz Babayeva, rəyçiləri BDU-nun kafedra müdiri professor Cahangir Məmmədli, Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Elçin Mehrəliyev, institutunun elmi katibi dosent Aygün Bağırlıdır.
10:51 03.09.2026
Oxunuş sayı: 47