Rusiyalı milyarderin AZADLIQ QİYMƏTİ bəlli oldu
Moskva Şəhər Məhkəməsi “EFKO” şirkətlər qrupunun əsas səhmdarı və direktorlar şurasının sədri Valeri Kustovun həbs müddətini uzadıb. Crossmedia.az xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Kustov iyulun 30-da saxlanılıb və o vaxtdan istintaq təcridxanasındadır. O, xüsusilə külli miqdarda dələduzluq və mənimsəmə işi üzrə ittiham olunur. Məhkəmə daha əvvəl onun iki ay müddətinə həbsinə qərar vermişdi.
Məlumata görə, Kustovun vəkili onun 3 milyard rubl məbləğində girov qarşılığında azadlığa buraxılmasını təklif edib. Lakin məhkəmə bu vəsatəti təmin etməyib.
İş üzrə “EFKO”nun baş direktoru Yevgeni Lyaşenko, şirkətin top-menecerləri Vladislav Romantsev və Yekaterina Kustova, həmçinin Rusiya Sənaye və Ticarət Nazirliyinin pilotsuz sistemlər və robototexnika idarəsinin rəhbər müavini Alla Polovçenya da saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaqın versiyasına görə, “EFKO” ilə bağlı iş pilotsuz uçuş aparatlarının hazırlanması layihəsi çərçivəsində dövlət subsidiyalarından istifadə ilə əlaqəlidir. İstintaqın hesablamalarına əsasən, iş üzrə mümkün zərərin məbləği 8,6 milyard rubl təşkil edir.
Rusiya mətbuatında yayılan məlumatlara əsasən, şirkət rəhbərliyinin Çin istehsalı pilotsuz uçuş aparatlarını yerli istehsal məhsulları kimi təqdim etdiyi və onların Müdafiə Nazirliyinə 566,6 faizədək əlavəli qiymətlə satıldığı iddia olunur.
Qeyd edək ki, Kustov “EFKO”nun əsas səhmdarı olmaqla yanaşı, Rusiyanın milyarderləri siyahısında yer alır. Onun həbsinə dair ilkin qərardan sonra müdafiə tərəfi apellyasiya şikayəti də vermişdi.
17:58 02.09.2026
Oxunuş sayı: 41