Yağlı qidaların yol açdığı xəstəliklər
Yağlı qidalar gündəlik qidalanmamızın ayrılmaz hissəsidir və demək olar ki, hər birimiz gün ərzində müəyyən miqdarda belə məhsullar qəbul edirik. Lakin onların tez-tez və həddindən artıq qəbulu ürək-damar və həzm sistemi ilə yanaşı, beyin fəaliyyətinə də mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib ki, insan orqanizmi qidanı qəbul edir ki, onun yenilənməsi və bərpası prosesi baş versin:
“Öz ömrünü başa vurmuş hüceyrələrin yerinə yenilərinin əmələ gəlməsi üçün üzvi və qeyri-üzvi maddələr, vitaminlər və minerallar orqanizmə daxil olmalıdır. Orqanizmdə sintez olunmayan əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, minerallar və vitaminlər kənardan qəbul edilməlidir. Buna görə də qidalanma insan həyatı üçün vacibdir. Lakin qidalanmanı instinktiv hərisliyə çevirmək və ondan asılı vəziyyətə düşmək ciddi problemdir. Qida mədəniyyəti, ilk növbədə, düzgün qidalanmanı dərk etməkdir. Qidalanma elə qurulmalıdır ki, qəbul edilən kalorilər orqanizmin fəaliyyəti zamanı sərf olunsun. Qidadan alınan enerji əzələlərin və daxili orqanların fəaliyyəti, eləcə də beynin normal işləməsi üçün vacibdir. Məsələn, ürəyin fasiləsiz fəaliyyəti üçün oksigen və qlükoza ilə təmin olunması zəruridir. Təəssüf ki, bu gün həddindən artıq qida qəbul edir, eyni zamanda kifayət qədər hərəkət etmirik. Əsas problem də məhz budur. Yağlı qidaların və karbohidratların həddindən artıq istehlakı onların orqanizmdə depolanmasına, artıq çəkiyə, piylənməyə, damar problemlərinə, ürək-damar xəstəliklərinə və beynin işemik xəstəliklərinə səbəb ola bilər”.

A.Qeybulla əlavə edib ki, qidaların tərkibindəki müxtəlif qatqılar, konservantlar, dad, rəng və struktur verən əlavələr də orqanizmə təsir göstərə bilər: “Müəyyən hallarda bu maddələr sərbəst radikalların yaranmasına səbəb ola və hüceyrələr arasındakı siqnal əlaqələrinə təsir göstərə bilər. Bu proseslər gələcəkdə xərçəng və autoimmun xəstəliklərin yaranma riskini artıra bilər. Sağlamlığın əsas şərtlərindən biri keyfiyyətli və faydalı qidalara üstünlük vermək, meyvə-tərəvəz və vitaminlərlə zəngin məhsulları kifayət qədər qəbul etməkdir. Bununla yanaşı, fiziki aktivlik də vacibdir. Siqaret, elektron siqaret və qəlyan kimi zərərli vərdişlərdən uzaq durmaq, alkoqol qəbulunu məhdudlaşdırmaq, idmanla məşğul olmaq, gimnastika etmək və təmiz havada gəzmək sağlamlığın qorunmasında mühüm rol oynayır”.
Nuray Mehtiyeva
10:00 02.09.2026
Oxunuş sayı: 52