CROSSMEDIA - Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşı komadan çıxıb
Gündəm

Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşı komadan çıxıb

Hazırda Mangistau vilayət çoxprofilli xəstəxanasında 6 yaralının müalicəsi davam edir, onlardan dördü reanimasiya, ikisi isə travmatologiya şöbəsindədir.

Bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qırğızıstandan olan yaralı travmatik şokdan sonra özünə gəlib, qohumlarını tanıya bilib və ölkəsinə aparılmağa hazırdır. Bu məqsədlə bu gün qırğız həkimlərdən ibarət təyyarənin gəlməsi gözlənilir.

"Qırğızıstan vətəndaşı olan digər iki nəfərin və Azərbaycandan olan yaralıların sabah xüsusi reyslərlə vətənə təxliyə edilməsi planlaşdırılır", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Aktau hava limanı yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan 29 nəfərdən 27-si Mangistau vilayət xəstəxanasına yerləşdirilib.

Xəstələr müxtəlif xəsarətlər - qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin qapalı travması, travmatik şok kimi çoxsaylı zədələrlə daxil olublar.

Xəsarət alanlara ilkin tibbi yardım göstərmək üçün təyyarənin qəzaya uğramasından 10 dəqiqə sonra Mangistau vilayətinin 22 təcili tibbi yardım briqadası və Fövqəladə Hallar üzrə Tibb Mərkəzinin 6 briqadası hadisə yerinə göndərilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, qəza təyyarənin Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalması nəticəsində baş verib.(Report)

14:56 29.12.2024

Oxunuş sayı: 5189

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR