Atəşkəs var, amma hücumlar dayanmayıb: Qəzzada təhlükə davam edir
Qəzza zolağında atəşkəsə baxmayaraq, mülki əhalinin üzləşdiyi təhlükə davam edir. İsrail ordusunun Xan Yunis şəhərində köçkün fələstinlilərin sığındığı çadırlara endirdiyi hava zərbəsi nəticəsində bir nəfər həyatını itirib. Atəşkəs şəraitində belə bu cür hücumların davam etməsi Qəzzada humanitar vəziyyət və razılaşmanın dayanıqlılığı ilə bağlı narahatlıqları artırır.
Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, problemin əsas səbəbi atəşkəs sazişinin imzalanmasında deyil, onun icrasına effektiv beynəlxalq nəzarət mexanizmlərinin olmamasındadır: “Atəşkəs sazişinin olmasına baxmayaraq, davamlı şəkildə heç bir gün atəşkəs rejiminə əməl olunmayıb. Bunun səbəbi atəşkəs sazişinin etibarlı şəkildə imzalanmaması deyil. Səbəb ondan ibarətdir ki, İsrailin ümumiyyətlə bu bölgədə fəaliyyətinə nə beynəlxalq təşkilatların nəzarəti var, nə də dünya ictimaiyyətinin ciddi təsir imkanları mövcuddur. İsrail özünü bu bölgədə sanki mütləq hakim kimi aparır. Amerika ilə öz siyasətini tam şəkildə uzlaşdırmaqla özünü sərbəst hiss edir və cəzasız qalacağına əminlik şəraitində bütün bu işləri həyata keçirir. Qəzzada həyata keçirilənlər, bəli, həqiqətən soyqırım siyasətidir. Çox təəssüflər olsun ki, İsrailin ötən əsrin ortalarından başlayaraq Yaxın Şərqdə Fələstinə və Qəzzaya qarşı apardığı siyasətə hüquqi-siyasi qiymət verilmədiyinə görə özünü cəzasız hiss edir. Nə qədər ki, onun fəaliyyətinə hüquqi-siyasi qiymət verilməyib və BMT-nin 1948-ci il qətnamələri əsasında problemin tənzimlənməsi üçün real iş başlanılmayıb, Qəzzada atəşkəsə nail olmaq mümkün olmayacaq”.

A.Quliyev atəşkəs sazişinin icrası üçün etibarlı mexanizmlərin yaradılmadığını diqqətə çatdırıb: “Qəzzada atəşkəslə bağlı əldə olunmuş sazişin etibarlı icra mexanizmləri yoxdur. Burada məsələlər birtərəfli qaydada qoyulub. Elə bir şəkildə tərtib olunub ki, İsrail üçün sazişin şərtlərini istənilən vaxt pozmaq imkanı var, Qəzzalılar üçün isə onun məcburi şəkildə icra olunmasından başqa bir imkan yoxdur. Bununla da orada real atəşkəsə nail olmaq mümkün deyil. Bir tərəfdən adı atəşkəsdir, digər tərəfdən İsrail hətta mülki obyektləri, evləri “burada Həmas terrorçuları var” deyə bombalayır. Belə hallara real qiymət verən yoxdur. Bu şəraitdə Qəzzada normal atəşkəsin təmin olunması mümkünsüzdür”.
Siyasi şərhçi hesab edir ki, problemin digər əsas tərəfi İsrail qoşunlarının Qəzzadan çıxarılmasının prioritet kimi nəzərdən keçirilməməsidir: “Hətta Tramp kimi dünyanın ən nüfuzlu liderlərindən birinin şəxsən imza atdığı sülh planı da Qəzzada işləmir. Çünki bu sülh planının mənası və mahiyyəti Həması tərksilah etməkdən ibarətdir. Amma İsrailin qoşunlarının işğal qüvvələri olaraq Qəzzadan çıxarılması prioritet sayılmır, əsas məsələ hesab edilmir. Problemin mahiyyəti də bundadır”.
Nigar Xəlilli
16:00 28.08.2026
Oxunuş sayı: 62