Qaçaq Nəbinin nəsli davam etməyib - Tarixçi
Qaçaq Nəbi və Həcər xanım Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan tarixi şəxsiyyətlərdəndir. Onların həyatı ilə bağlı illər ərzində çoxsaylı rəvayətlər, xatirələr və müxtəlif tarixi məlumatlar formalaşıb. Bu gün də Qaçaq Nəbinin ailəsi və nəslinin davamçıları ilə bağlı fərqli fikirlər səsləndirilir. Xüsusilə sosial mediada özünü Qaçaq Nəbinin kötükcəsi kimi təqdim edən şəxsin iddiası mövzuya marağı yenidən artırıb. Sözügedən iddianın nə dərəcədə tarixi faktlara və sənədlərə əsaslandığı isə müzakirə mövzusudur. Çünki Qaçaq Nəbinin övladının olub-olmaması ilə bağlı müxtəlif mənbələrdə bir-birindən fərqli məlumatlara rast gəlinir. Digər tərəfdən, Həcər xanımın sonrakı ailə həyatı və onun nəslinin davamçıları barədə də məlumatlar mövcuddur. Məhz bu məqamlar həmin şəxsin özünü hansı əsaslarla tarixi nəslin nümayəndəsi hesab etdiyini araşdırmağı zəruri edir.
Məsələ ilə bağlı tarix üzrə fəlsəfə doktoru Ramil Niftəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, sosial mediada özünü Qaçaq Nəbinin kötükcəsi kimi təqdim edən xanım əslində Həcər xanımın nəslindən gəlir: “Həmin xanımla tanışam. Qaçaq Nəbi ilə bağlı televiziyada verilişdə də çıxış edirdi. Qaçaq Nəbinin yox, Həcər xanımın nəslinin davamçıları var. Həcər xanımın ikinci ailə həyatından oğlu olub və sözügedən xanım da məhz Həcər xanımın ikinci izdivacından olan övladının nəslindən — kötükcəsidir. Həmin xanım savadlı kadr, təbiətşünasdır və əlində Həcər xanımın soyundan gəldiyini sübut edən inandırıcı faktlar, sənədlər mövcuddur”.
Ramil Niftəliyevin açıqlamasına əsasən isə sözügedən xanımın iddiası birbaşa Qaçaq Nəbinin nəslinə deyil, Həcər xanımın ikinci ailə həyatından davam edən şəcərəyə bağlanır: "Bu baxımdan onun “Qaçaq Nəbinin kötükcəsi” ifadəsini hansı mənada işlətdiyi ilə bağlı məsələnin də şəcərə sənədləri əsasında dəqiqləşdirilməsi əhəmiyyət daşıyır.
Zeynəb Həsən
12:00 28.08.2026
Oxunuş sayı: 61