Vaxtı keçmiş dondurmalar satılır - bunlara diqqət edin
Azərbaycanda dondurma məhsullarının təhlükəsizliyi ilə bağlı aparılan monitorinq zamanı 158,4 kq məhsulun uyğunsuz olduğu müəyyən edilib və məhv olunub. Yoxlama zamanı məhsulda mikrobioloji göstəricilər üzrə normadan kənaraçıxma, həmçinin tərkibin etiket məlumatları ilə uyğun gəlməməsi aşkarlanıb.
Mövzu ilə bağlı qida eksperti Seymur Qafarov Crossmedia.az-a açıqlamasında bildirib ki, qida təhlükəsizliyi sahəsində aşkarlanan hər bir uyğunsuzluq yalnız bazar nəzarətinin deyil, həm də istehsal zəncirindəki sistemli boşluqların göstəricisidir: “Dondurma kimi tez xarab olan və uşaqlar başda olmaqla geniş istehlakçı auditoriyasına sahib bir məhsulda mikrobioloji normadan kənara çıxmaların və etiket saxtakarlığının qarşısını almaq üçün kompleks nəzarət mexanizmləri qurulmalıdır. İlk növbədə, istehsalat sahələrində formal xarakter daşıyan yoxlamalardan imtina edilməli, xüsusilə yay mövsümü ərəfəsində və mövsüm ərzində əvvəlcədən xəbərdarlıq edilmədən aparılan qəfil monitorinqlərin sayı artırılmalıdır. Eyni zamanda, müəssisələrdə Təhlükə Təhlili və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin kağız üzərində deyil, pasterizasiya temperaturu və gigiyenik şərait kimi kritik nöqtələrdə real işləməsi ciddi şəkildə audit olunmalıdır. Mikrobioloji çirklənmənin ən böyük səbəblərindən biri istehsaldan sonra başlayan logistika mərhələsidir”.

S. Qafarov qeyd edib ki, dondurmanın pasterizasiyadan keçməsindən sonra saxlanması, daşınması və satış nöqtələrinə çatdırılması zamanı soyuq zəncirin qorunması həyati əhəmiyyət daşıyır: “Temperaturun cüzi tərəddüdü belə Ecoli və ya Listeria kimi təhlükəli patogenlərin sürətlə çoxalmasına şərait yarada bilər. Buna görə də logistik zəncirdə rəqəmsal termo-loqqerlərdən istifadə məcburi edilməli və dövlət tərəfindən akkreditə olunmuş müstəqil laboratoriyalarda dövri sınaqlar aparılmalıdır. Məhsulun tərkibinin etiket məlumatlarına uyğun gəlməməsi isə birbaşa istehlakçı hüquqlarının pozulması və haqsız rəqabətdir. Xüsusilə etiketdə süd yağı göstərildiyi halda ucuz bitki yağlarından (palma və ya kokos yağları) istifadə edilməsinin qarşısını almaq üçün xromatoqrafik tərkib təhlilləri sərtləşdirilməlidir. Məhsullara vahid rəqəmsal markalama və QR-kod sisteminin tətbiqi xammaldan son istehlakçıya qədər olan marşrutu tam şəffaf şəkildə izləməyə imkan verəcəkdir”.
Nuray Mehtiyeva
20:30 25.08.2026
Oxunuş sayı: 43