BMT “qış kabusu” barədə XƏBƏRDARLIQ ETDİ
Qəzzada atəşkəs elan olunmasına baxmayaraq, hava zərbələri və silahlı toqquşmalar davam edir, bölgədə humanitar vəziyyət isə kritik olaraq qalır.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin sözçüsü Yens Laerke Qəzzadakı son vəziyyətlə bağlı Anadolu Agentliyinin suallarını cavablandırıb.
Laerkenin sözlərinə görə, mövcud vəziyyəti tam mənada atəşkəs adlandırmaq mümkün deyil. O bildirib ki, hər gün hava hücumları, bombardmanlar və silahlı toqquşmalar nəticəsində insanların öldüyü və yaralandığı barədə məlumatlar daxil olur.
“Bir il əvvəlki vəziyyətlə müqayisədə zorakılıq əhəmiyyətli dərəcədə azalıb, lakin tamamilə dayanmayıb”, - Laerke deyib.
O bildirib ki, 2025-ci ilin oktyabrında əldə olunan atəşkəsdən əvvəlki dövrlə müqayisədə Qəzzaya daha çox humanitar yardım çatdırmaq mümkün olub. Bunun nəticəsində qida çatışmazlığı hallarının əhəmiyyətli dərəcədə azaldığı bildirilsə də, problemin tam aradan qalxmadığı vurğulanıb.
Laerke hazırda Qəzzaya humanitar yardımın çatdırılması üçün yalnız Kərəm Şalom keçid məntəqəsindən istifadə edə bildiklərini deyib. Onun sözlərinə görə, digər keçidlərin açılmaması yardım axınının artırılmasına ciddi maneə yaradır.
BMT rəsmisi gündəlik 700 min-1 milyon arasında isti yemək paylandığını bildirib. Lakin onun sözlərinə görə, humanitar müdaxilə hələ də ehtiyac duyulan səviyyədən çox uzaqdır.
Qəzzada sığınacaq probleminin də ciddi narahatlıq doğurduğunu bildirən Laerke, insanların təxminən 95 faizinin getdikcə kiçilən ərazidə, əsasən sahil bölgələrində məskunlaşmağa məcbur olduğunu qeyd edib.
“İnsanları sahil zolağında getdikcə daha kiçik bir əraziyə sıxışdırırlar”, - Laerke deyib.
Onun sözlərinə görə, Qəzzada insanların demək olar ki, hamısının sığınacağa ehtiyacı var. Lakin qış mövsümünün yaxınlaşması vəziyyəti daha da ağırlaşdıra bilər. Laerke keçən il çadırların köhnə və dayanıqsız olduğunu, insanların qışın ortasında lazımi şəraitdə yata bilmədiyini xatırladıb.
BMT rəsmisi sığınacaq materiallarının Qəzzaya gətirilməsinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasına ehtiyac olduğunu vurğulayıb.
O həmçinin insanların çox kiçik bir əraziyə sıxışdırılmasının tullantıların toplanması və xəstəliklərin yayılması ilə bağlı riskləri artırdığını bildirib.
15:23 24.08.2026
Oxunuş sayı: 52