İnsanlardan uzaqda yaşayan 4 min qoyun onilliklər ərzində qeyri-adi xüsusiyyətlər qazandı
1931-ci ildə Yeni Zelandiyaya məxsus subantarktik Kempbell adasında təxminən 4 min qoyun taleyin ümidinə buraxıldı.
Crossmedia.az “The Times of India”ya istinadən xəbər verir ki, hadisə fermer Con Uorrenin adadakı təsərrüfatını davam etdirə bilməməsi ilə başlayıb.
Onilliklər ərzində insan müdaxiləsindən uzaqda yaşayan heyvanlar vəhşiləşib və onların populyasiyasında nadir irsi xüsusiyyətlər formalaşıb. Yun və ət qiymətlərinin aşağı düşməsi, eləcə də təchizat problemləri və Böyük Depressiyanın təsiri fermeri təsərrüfatdan imtina etməyə məcbur edib.
1931-ci ildə Uorren və işçiləri adadan təxliyə olunarkən geridə təxminən 4 min qoyun və 20-30 inək qalıb.
İnsan nəzarətindən çıxan qoyunlar zamanla dəyişməyə başlayıb. Sərt iqlim şəraiti, güclü küləklər və rütubətli mühit heyvanların təbii seçmə yolu ilə uyğunlaşmasına səbəb olub.
Qoyunlar artıq qırxılmır, xüsusi seçmə yolu ilə artırılmır və hava şəraitindən qorunmurdu. Nəticədə onların orqanizmində yeni xüsusiyyətlər yaranıb.
1961-ci ilə qədər qoyunların sayı təxminən 1000-ə qədər azalsa da, 1960-cı illərdə yenidən artaraq təxminən 3000-ə çatıb. Araşdırmalar göstərib ki, 1970-ci ilə qədər heyvanların bala vermə göstəriciləri yüksəlib, onlar artıq bir yaşında çoxalmağa başlayıb və yunlarını özləri tökmək qabiliyyəti qazanıblar.
Alimlər nadir xüsusiyyətlərə malik 10 qoyunu xilas edib
Lakin vəhşiləşmiş qoyunların sayı artdıqca onlar adanın unikal bitki örtüyünə zərər verməyə başlayıb. Buna görə 1970-ci ildə ərazidə qoruyucu hasarlar qurulub və heyvanların mərhələli şəkildə çıxarılmasına başlanılıb.
Bununla belə, alimlər bu unikal populyasiyanı qorumaq qərarına gəliblər. 1975-1976-cı illərdə 10 qoyun tutularaq Yeni Zelandiyaya aparılıb və xüsusi şəraitdə artırılmağa başlanılıb.
Tədqiqatlar nəticəsində məlum olub ki, bu qoyunlar dırnaq xəstəliklərinə davamlılıq və yunlarını təbii şəkildə tökmək qabiliyyəti kimi xüsusiyyətlərə malikdir.
Daha sonra Kempbell adasında qalan bütün qoyunlar təbiəti qoruma proqramı çərçivəsində məhv edilib. Bu addım adanın bitki örtüyünün bərpasına imkan verib. Xilas edilən 10 qoyunun nəsli isə insan müdaxiləsi olmadan təxminən yarım əsr ərzində formalaşan genetik xüsusiyyətləri qoruyub saxlayıb.
07:30 23.08.2026
Oxunuş sayı: 52