Rusiya üçün yeni raket dəstəyi: təhlükə artır
Rusiya Şimali Koreyadan aldığı KN-30 ballistik raketlərinin etibarlılığını və effektivliyini yoxlamaq üçün onlardan istifadə etməyi planlaşdırır.
Crossmedia.az “Radio NV”ə istinadən xəbər verir ki, bu barədə rusiyalı hərb veteranı, istefada olan mayor Aleksey Getman bildirib.
Onun sözlərinə görə, Şimali Koreyanın KN-23 və KN-24 raketləri artıq Ukraynaya qarşı istifadə olunub, lakin daha sonra onlar barədə məlumatlar azalıb.
Getman qeyd edib ki, həmin raketlər əvvəlcə aşağı dəqiqlik göstərib. Onun sözlərinə görə, bəzi hallarda raketlərin hədəfdən yayınması 15 kilometrə çatıb. Ekspert bildirib ki, raketlər üzərində təkmilləşdirmələr aparılıb və hazırda onların dəqiqliyinin artırıldığı iddia edilir.
KN-30 raketi ilə bağlı danışan Getman bildirib ki, müxtəlif məlumatlara əsasən, bu raket 1-2,5 ton arasında partlayıcı maddə daşıya bilər. Onun sözlərinə görə, Rusiya bu raketləri real şəraitdə sınaqdan keçirməyə çalışacaq.
Ekspertin fikrincə, Rusiya artıq təxminən 50 ədəd KN-23, KN-24 və KN-30 raketi əldə edib. Bu sayın Rusiyanın İsgəndər-M tipli ballistik raketlərinin təxminən bir aylıq istehsal həcminə yaxın olduğu iddia edilir.
Getman bildirib ki, əlavə tədarüklər həyata keçirilərsə, bu, Ukrayna üçün vəziyyəti daha da çətinləşdirə bilər. Daha əvvəl Rusiyanın Voronej vilayətində Şimali Koreya raketləri üçün buraxılış qurğularını yerləşdirdiyi barədə məlumatlar yayılmışdı.
17:44 22.08.2026
Oxunuş sayı: 71