Çin ABŞ və İranın mövqelərini yaxınlaşdıra bilər- ŞƏRH
Çin Yaxın Şərqdə gərginliyin azaldılması üçün ABŞ və İranı yenidən dialoqa çağırıb.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O qeyd edib ki, Çin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən sanksiyaların əleyhinədir.
"Hərbi gücün tətbiqi və təzyiq siyasəti yalnız heç kimin maraqlarına cavab verməyən eskalasiyaya gətirib çıxaracaq. Biz bütün tərəfləri müvafiq şəkildə hərəkət etməyə və fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə həll etməyə çağırırıq", - o yazıb.
ABŞ-İran gərginliyinin və mümkün yeni müharibənin Çinə sərf etdiyini düşünmürəm. Birincisi, ona görə ki, Hörmüz boğazındakı qeyri-sabitlik, o cümlədən bunun nəticəsində enerji qiymətlərinin "oynaması" Pekinin maraqlarına uyğun deyil. İkincisi, Çin və İran eyni qütbün- Şərq qütbünün nümayəndələri olsalar da, Pekin Tehrana görə Vaşinqtonla münasibətləri daha da gərginləşdirmək istəməz. Üçüncüsü, Çin başa düşür ki, mümkün eskalasiya İran üçün uğurlu nəticə ilə yadda qalmaya bilər. Belə bir ssenari Pekin üçün arzuolunan deyil. Beləliklə, Çin tərəfləri diplomatiyaya çağırır.
Düşünürəm ki, diplomatiya pəncərəsi hələ bağlanmayıb. Tərəflər özləri də başa düşürlər ki, müharibə onlara sərf edən variant deyil. Əks halda savaş çoxdan bərpa olunardı.
Sadəcə olaraq həm İran, həm də ABŞ öz şərtləri ilə danışıqlara getmək istəyir. Düşünerəm ki, Çin və digər aktorlar səmimi və israrlı olsalar, effektiv səylər göstərsələr tərəflərin mövqelərinin yaxınlaşmasına nail oluna bilər.
10:35 22.08.2026
Oxunuş sayı: 210