Astrologiya ilə maraqlanmaq haramdır?- Fikirlər haçalandı
Son illərdə astrologiya, bürclər və ulduz falına maraq xüsusilə sosial şəbəkələrdə geniş yayılıb. İnsanların doğum tarixlərinə və bürclərinə əsasən xarakterlərinin, münasibətlərinin və gələcəklərinin müəyyənləşdirilə biləcəyinə inanması bu mövzunu dini baxımdan da müzakirə olunan məsələlərdən birinə çevirib. Əyləncə məqsədilə belə olsa, gündəlik olaraq bürc proqnozlarını izləyən və astroloji məlumatlara əsaslanan insanların sayı artır.
İslam dinində isə qeybi və gələcəyi bilməyin yalnız Allaha məxsus olduğu bildirilir. Ulduzların insanın taleyini müəyyənləşdirdiyinə, gələcəkdə baş verəcək hadisələr barədə məlumat verdiyinə inanmaq dini baxımdan qəbul edilmir. Bu səbəbdən astrologiya ilə astronomiyanın fərqləndirilməsi, ulduzların elmi məqsədlə öyrənilməsi ilə onlara taleyüklü xüsusiyyətlər aid edilməsinin eyni məsələ olmadığı xüsusilə vurğulanır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, müəyyən tarixdə və eyni bürc altında dünyaya gələn insanların xarakter və xüsusiyyətlərinin eyni olması mümkün deyil:
“İslam dini ulduz falı və ulduzlar vasitəsilə insanın taleyinin müəyyənləşdirilməsi məsələsini qəti şəkildə tənqid edir və bunu məntiqsiz hesab edir.
Məsələnin birinci tərəfi müəyyən bürc altında doğulan insanların eyni xarakterə malik olması iddiasıdır. Müəyyən tarixdə və eyni bürc altında dünyaya gələn minlərlə insanın xarakter və xüsusiyyətlərinin eyni olması mümkün deyil. Məsələn, hər hansı bürc haqqında müəyyən xüsusiyyətlər qeyd olunur və insanlar da həmin xüsusiyyətləri öz davranışları ilə əlaqələndirərək buna inanırlar. Halbuki eyni bürc altında doğulan insanlar arasında bir-birindən tamamilə fərqli xarakterə malik şəxslər var”.
Fazil Əhməd qeyd edib ki, digər mühüm məsələ bürclər vasitəsilə gələcəklə bağlı proqnozların verilməsidir:
“Bürclər vasitəsilə gələcəklə bağlı proqnozların verilməsi də problemli məsələdir. Hər hansı astroloqun “filan bürcü sabah nə gözləyir?” sualına cavab verməsi əslində təxmin xarakteri daşıyır. Astrologiya ilə bağlı dəfələrlə yanlış proqnozların verilməsi də bunu göstərir. Buna baxmayaraq, insanlar bəzən yanlış olduğu sübut edilən proqnozlara yenidən inanırlar. Çünki insanın daxilində gələcəklə bağlı qeyri-müəyyənlik, qorxu və ehtiyat hissi mövcuddur”.
İlahiyyatçının sözlərinə görə, proqnozların təsadüfən doğru çıxması da insanlarda astrologiyaya olan inamı gücləndirə bilər:
“Bəzən proqnozların təsadüfən doğru çıxması insanlarda bu inamı daha da gücləndirir. Məsələn, bürclərdə “iki gündən sonra sevindirici xəbər alacaqsınız” yazılır və iki gün sonra insanın həyatında həqiqətən müsbət hadisə baş verir. Bu zaman həmin şəxs proqnozun doğru çıxdığını düşünür. Halbuki baş verən hadisəni bürclə deyil, Allahın nəsib etdiyi bir hadisə kimi qiymətləndirmək lazımdır”.
Fazil Əhməd bu məsələyə dini mənbələr baxımından da yanaşaraq “Nəhcül-bəlağə”də Həzrəti Əlinin (əleyhis-salam) bürclərə əsaslanaraq gələcəklə bağlı fikir bildirən şəxslərin yanaşmasını tənqid etməsi ilə bağlı məlumatların yer aldığını bildirib:
“Dəlillə danışsaq, “Nəhcül-bəlağə”də Həzrəti Əlinin (əleyhis-salam) bürclərə əsaslanaraq gələcəklə bağlı fikir bildirən şəxslərin yanaşmasını tənqid etməsi ilə bağlı məlumat verilir. Həmin şəxslər onun müharibəyə getməməsini, bunun uğursuz nəticələnəcəyini bildirirlər. Həzrəti Əli isə onların sözlərini qəbul etmir və müharibəyə gedir. Burada əsas fikir insan taleyinin bürclərin və astroloqların söylədiyi proqnozlarla müəyyənləşməməsidir”.
İlahiyyatçı vurğulayıb ki, insanın taleyi məsələsində onun seçimləri və əməlləri də mühüm rol oynayır:
“İnsanın taleyi məsələsində əsas məqamlardan biri də onun seçim və əməlləridir. İnsan öz iradəsi ilə müəyyən seçimlər edir və həmin seçimlərin nəticələri ilə qarşılaşır. Eyni zamanda, insanın iradəsindən kənarda olan hadisələr də var və bunlar ilahi təqdir çərçivəsində baş verir.
Bunu bir növ həyat qanunları ilə də izah etmək olar. Məsələn, insan zəhər içərsə, zəhərlənəcək, yüksək mərtəbədən özünü atarsa, müəyyən şərtlər daxilində xəsarət alacaq. Bunlar insanın seçimlərinin nəticələridir. Deməli, insanın əməlləri və davranışları onun gələcək həyatına təsir edir”.
Fazil Əhməd hesab edir ki, insanın “taleyim belə yazılıb” düşüncəsi ilə hərəkətsiz qalması doğru yanaşma deyil:
“İslamın astrologiyadan uzaq durma çağırışının əsas səbəblərindən biri də insanın məsuliyyət hissini itirməsinin qarşısını almaqdır. İnsan “taleyim belə yazılıb” düşüncəsi ilə hərəkətsiz və laqeyd vəziyyətə düşməməlidir. Məsələn, “bu gün ruzim olacaq” deyərək heç bir səy göstərməmək və ya “pis hadisə baş verəcək” deyərək onun qarşısını almaq üçün mübarizə aparmamaq doğru yanaşma deyil.
Əsas məsələ insanın öz seçim və əməllərinə görə məsuliyyət daşıdığını dərk etməsidir. İnsan taleyini bürclərin və astroloqların proqnozlarına həvalə etməməli, öz iradəsi və əməlləri ilə həyatına təsir edə biləcəyini nəzərə almalıdır”.
Astroloq Aytən Salami astrologiyanın yalnız bürclərdən ibarət olmadığını bildirib. Onun sözlərinə görə, astrologiya qədim və daha geniş məna daşıyan öngörü sistemidir və falçılıqla eyniləşdirilməməlidir:
“İlk növbədə, astrologiyaya, doğum xəritəsinə, bürclərə, eləcə də bu məsələyə dini və ya qeyri-dini prizmadan yanaşmağa toxunmaq lazımdır. Yanlış bilinən doğrulardan biri astrologiyanın bürclərlə təqdim edilməsidir. İnsan yalnız bürcdən ibarət deyil, onun xarakterini də yalnız bürcü müəyyənləşdirmir. Bu, insan həyatında çox səthi bir anlayışdır.
Astrologiya tamamilə dərin və qədim bir mövzudur. Eramızdan əvvəlki dövrlərdə yaranıb və tarix boyu hökmdarların, mühüm şəxslərin və müxtəlif insanların müraciət etdiyi bir öngörü sistemi olub.
Astrologiyanın öngörü sistemi olması və gələcəklə bağlı proqnozlar verməsi ilə falçılıq arasında çox incə bir fərq var. Məhz bu məqam astrologiyanı faldan ayırır. Falçılar gələcəklə bağlı proqnoz verərkən hadisələri çox dəqiq və konkret şəkildə təqdim edirlər. Astrologiyada isə belə bir yanaşma yoxdur.
Yəni müəyyən bir imkan yaranır və əgər sən bunu düzgün dəyərləndirə, doğru seçim edə bilsən, həmin fürsətdən faydalana bilərsən. Yaxud neqativ hadisə ehtimalı görünürsə, tədbir görərək onun qarşısını ala və ya ən pis halda həmin vəziyyətə hazırlıqlı ola bilərsən".
Astroloqun sözlərinə görə, burada əsas məsələ insan iradəsidir:
“Astrologiyada insan iradəsi çox önəmlidir. Peşəkar, işini bilən və özünü Allahın yerinə qoymayan astroloq bu sərhədi hər zaman bilir. O, qarşı tərəfin şüuraltına təsir edəcək şəkildə proqnoz verməməlidir. Yəni “xəstələnəcəksən”, “ayrılacaqsan”, “xoşbəxt olacaqsan” və ya sadə dillə desək, “sən varlanacaqsan” kimi qəti ifadələr astrologiyanın mahiyyətinə uyğun deyil".
Aytən Salami hesab edir ki, astrologiya inanc məsələsi kimi təqdim edilməməlidir:
“Astrologiya 90 faizdən çox hallarda özünü doğruldur. Bu, inanc məsələsi deyil. İnsan inansa da, inanmasa da, proqnoz veriləndə müəyyən hadisələrin uyğun gəldiyini görə bilər. Hətta astrologiyaya inanmayan insanların belə keçmişində baş vermiş hadisələrin astroloq tərəfindən müəyyən qədər təsvir edildiyinin şahidi olmuşam".
Astroloq, həmçinin, astrologiya ilə falçılığın fərqləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, burada əsas məsələ gələcəklə bağlı məlumat verərkən insanın seçim haqqını qorumaqdır:
“Astrologiyanın dinlə münasibətinə gəlincə, düşünürəm ki, dinin astrologiyaya qarşı ümumilikdə mənfi yanaşması yoxdur. Quranda da bu mövzu ilə bağlı müəyyən məlumatlar var. Hətta ilk peyğəmbər İdris peyğəmbərin göyün sözçüsü, astroloq və astronom olduğu barədə məlumatlar mövcuddur.
Sadəcə olaraq, burada əsas məsələ gələcəklə bağlı müəyyən məlumatlar və ehtimallar təqdim edərkən seçimləri insanın öz iradəsinə buraxmaqdır. Peşəkarlıq da məhz burada ortaya çıxır. Belə olduqda nə Allahın işinə qarışmış oluruq, nə də insanın seçimlərinə müdaxilə edirik. Sadəcə baş verə biləcək ehtimalları qarşı tərəfə çatdırır və seçim haqqını insanın özünə veririk”.
Nigar Xəlilli
17:30 21.08.2026
Oxunuş sayı: 56