“Yandex”in məlumat mərkəzində yanğın- xidmətlər dayandı
Rusiyanın Ryazan vilayətində “Yandex”in məlumat mərkəzinin yerləşdiyi “Sasta” zavodunun ərazisində, Başqırdıstanda isə “Qazprom neftekhim Salavat” kompleksinin yaxınlığında yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, “ASTRA” bu barədə məlumat yayıb.
Məlumata görə, Ryazan vilayətinin Sasovo şəhərində yanğın metal emalı dəzgahları istehsal edən “Sasta” zavodunun ərazisində qeydə alınıb. Zavodun ərazisində “Yandex DC Sasovo” məlumat mərkəzi yerləşir.
Hücumdan sonra “Yandex Cloud” xidmətlərinin bir hissəsində elektrik təchizatı ilə bağlı problemlər yaranıb. Şirkət məlumat mərkəzində baş verən insidenti təsdiqləyərək bəzi xidmətlərdə fasilələrin olduğunu bildirib.
Məlumatlara əsasən, nasazlıqlar yalnız “Yandex” xidmətləri ilə məhdudlaşmayıb. Rusiyanın bəzi digər internet resurslarına da girişdə problemlər yaranıb.
Digər hadisə Başqırdıstanda baş verib. Salavat şəhərində “Qazprom neftekhim Salavat” neft emalı və neft-kimya kompleksinin ərazisində yanğın barədə məlumat yayılıb. Obyektə pilotsuz uçuş aparatları ilə hücum edildiyi ehtimal olunur.
“Qazprom neftekhim Salavat” Rusiyanın iri neft emalı və neft-kimya müəssisələrindən biridir. Kompleksin illik emal gücü 10 milyon tona qədər xammal təşkil edir və burada 150-dən çox növ məhsul istehsal olunur.
Hadisələr nəticəsində obyektlərə dəyən zərərin miqyası barədə dəqiq məlumat hələ açıqlanmayıb. “Yandex” məlumat mərkəzindəki nasazlığın səbəbi şirkətin açıqlamasında birbaşa dron hücumu ilə əlaqələndirilməyib.
10:29 08.10.2026
Oxunuş sayı: 240