Bakıda 66 günə 10 futbol meydançası yaradılıb
Bakıda U-15 dünya çempionatı və festivalı üçün FIFA standartlarına uyğun 10 futbol meydançası 66 gün ərzində hazırlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibinin müşaviri Ramazan Səmədovun açıqlamasına istinadən məlumat yayıb.
Ramazan Səmədov bildirib ki, iki ay əvvəl ərazidə tamamilə fərqli mənzərə olub və burada demək olar, heç bir infrastruktur olmayıb.
Onun sözlərinə görə, layihənin reallaşdırılmasında dövlət qurumları ilk gündən dəstək göstərib.
AFFA rəsmisi qeyd edib ki, U-15 dünya çempionatı uşaq futbolunun inkişafı üçün yeni imkanların yaradılmasına təkan verib. Hazırda kompleksin bu istiqamətdə istifadəsi üçün şərait formalaşdırılıb.
Səmədov FIFA prezidenti Canni İnfantinonun da komplekslə tanış olduğunu və işlərin bu qədər qısa müddətdə başa çatdırılmasını yüksək qiymətləndirdiyini bildirib.
Onun sözlərinə görə, stadionlarda tribunaların quraşdırılması da nəzərdə tutulub. İki stadionda 100, digər stadionlarda isə 50 tamaşaçı üçün yer olacaq.
AFFA rəsmisi meydançaların ot örtüyünün də FIFA standartlarına uyğun olduğunu vurğulayıb. Hazırda ərazidə FIFA nümayəndələrinin olduğu qeyd edilib.
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində keçiriləcək. Turnirin açılış və final mərasimləri Bakı Kristal Zalında baş tutacaq.
12:10 08.10.2026
Oxunuş sayı: 113