CROSSMEDIA - Xalqımız qəhrəman kapitan İqor Kşnyakini anır...
Gündəm

Xalqımız qəhrəman kapitan İqor Kşnyakini anır...

Bir neçə gündür xalqımızı dərindən sarsıdan hadisədən üç gün keçir. Dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanları Azərbaycan xalqı hüznlə anır. Həlak olanlardan biri də təyyarənin pilotu kapitan İqor Kşnyakindir. O pilot ki, qəhrəmanlıq sərgiləyərək təyyarədə olan sərnişinlərin bir çoxunun həyatını qurtardı. Adını mavi səmaya silinməz imza ilə həkk etdi. 
Bu açıq səmanın altında, onun yaşadığı binanın qarşısında səmanın rəngini özünün bir hissəsində əks etdirən Azərbaycan Dövlət Bayrağı dalğalanır. 
Girişdə isə qəhrəmanın şəkli asılıb. Şəklin önünə çələnglər, qərənfillər və şamlar düzülüb. 
Hava küləklidir... Şamlar isə yanmağa davam edir... Xalqımızın qəlbinin yanğısı kimi...
Beləcə qərənfillərin izi ilə mənzilə doğru irəliləyirik. Bu zaman binadakı səssizlik də öz sözünü deyir. 
Mənzilə çatdıqda qapının önündə çoxlu ayaqqabılar görürük... Deməli, nəinki doğmalar, hətta yad olanlar da bu gün bu qəhrəmana görə doğmalaşıb. 
Digər otaqlar kimi qonaq otağında da mətəm hiss olunur. Əşiyaların üzəri qara örtüklə örtülüb. Qonaq otağındakı masanın üstünə qəhrəmanın şəkli qoyulub, önünə qərənfillər düzülüb. Üzülməmək əldə deyil... Ailə üzvlərini görür, başsağlığı verir, mənzili tərk edirik...
Jurnalist olaraq onun qəhrəmanlığını işıqlandırmaq üçün vəzifəmiz və İqor Kşnyakinin qarşısındakı borcumuzu yerinə yetirməyə gedirik...
Sonda isə demək istəyirik ki, Azərbaycan xalqı ən xoş gündə də, ən pis gündə də daima birlikdədir.
O təyyarədə növbəti qəhrəmanlığı göstərən, Azərbaycanın mərd qızı Hökümənin də dediyi kimi "Hər şey yaxşı olacaq!". 
Başımız sağ olsun!

Banuçiçək Kalbalıyeva
Aytac Kərimova

 

 

 

17:24 28.12.2024

Oxunuş sayı: 11211

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR