Bir il sonra bağ evinə qayıtdı, gördükləri ŞOKA SALDI
Bakının Binəqədi rayonunda bağ evlərindən antik əşyalar və elektronika oğurlayan iki nəfərin məhkəməsi başa çatıb.
Crossmedia.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində 1995-ci il təvəllüdlü Fuad Babayev və 1993-cü il təvəllüdlü Samir Müseyibova (ad və soyadlar şərtidir) hökm oxunub.
Məhkəmədə bildirilib ki, onlar Fatmayi bağlar massivində iki bağ evinə gizli daxil olaraq antik əşyalar və elektronika avadanlıqları oğurlayıblar. Oğurlanan əşyalar paytaxtın mərkəzindəki antik əşya mağazasına və ikinci əl əşyaların satışı ilə məşğul olan şəxslərə satılıb.
Zərərçəkənlərdən biri məhkəmədə bildirib ki, işlərinin çoxluğu səbəbindən təxminən bir il bağ evinə getməyib. Evə qayıtdıqda dəyəri 4 min manat olan qədim samovarın və digər qiymətli əşyaların oğurlandığını müəyyən edib.
Polisə məlumat verildikdən sonra şübhəli şəxslər saxlanılıb və barələrində cinayət işi başlanıb.
Məhkəmə zamanı məlum olub ki, 33 yaşlı Samir Vətən müharibəsi iştirakçısıdır və bir neçə medalla təltif edilib. Onun ilk dəfə cinayət törətdiyi, Fuadın isə əvvəllər məhkum olunduğu bildirilib.
Məhkəmənin hökmü ilə Fuad Babayev 2 il müddətinə azadlıqdan məhrum edilib. Samir Müseyibova isə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və onun üzərinə elektron qolbaq taxılıb.(qafqazinfo)
11:34 21.08.2026
Oxunuş sayı: 43