Gürcüstanın dəmiryol yükdaşımalarında Azərbaycanın payı 22,7 %-dir
Gürcüstan dəmir yollarında yükdaşımaların həcmi 2026-cı ilin ikinci rübündə əhəmiyyətli dərəcədə artıb.
Crossmedia.az xəbər verir ki, ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, aprel-iyun aylarında dəmir yolu ilə ümumilikdə 3,9 milyon ton yük daşınıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% çoxdur.
Daşınan yüklərin 59,8%-ni tranzit, 33,5%-ni beynəlxalq, 6,7%-ni isə daxili daşımalar təşkil edib.
Məlumata əsasən, Azərbaycan Gürcüstan dəmir yolları ilə yükdaşımalarında əsas tərəfdaşlardan biri olaraq qalır. İkinci rübdə dəmir yolu ilə Gürcüstana idxal olunan yüklərin 22,7%-i Azərbaycanın payına düşüb. İdxalda Rusiya 38%-lə birinci yerdə qərarlaşıb.
Gürcüstan dəmir yolu ilə ixrac olunan yüklərin əsas alıcıları arasında da Azərbaycan yer alıb. Hesabat dövründə daşınan ümumi yükün 17,4%-i Ermənistanın, 10,1%-i Rusiyanın, 7,1%-i isə Qazaxıstanın payına düşüb.
Tranzit daşımalarında isə əsas təyinat ölkələri Türkiyə, Niderland və Çin olub. Tranzit yüklərin 8,2%-i Türkiyəyə, 8,1%-i Niderlanda, 5,5%-i Çinə, 2%-i Rumıniyaya, 1,8%-i İtaliyaya və 1,2%-i Ukraynaya yönəlib.
Yükdaşımaların strukturunda əsas pay koks və emal olunmuş neft məhsullarına – 32,7%, kimyəvi maddələr və kimyəvi məhsullara – 22,2%, qida məhsulları, içkilər və tütünə – 13,7% düşüb.
Tranzit daşımalarında da əsas yük qrupları koks və neft məhsulları, kimyəvi məhsullar, həmçinin qida məhsulları olub. Bu üç kateqoriyanın payı tranzit yüklərin 83,6%-ni təşkil edib.
Bu dövrdə Gürcüstan Dəmir Yolları 425,8 min sərnişin daşıyıb. Bu, illik müqayisədə 0,5% azdır. Bununla yanaşı, beynəlxalq sərnişin daşımalarında ciddi artım qeydə alınıb – beynəlxalq reyslərlə 17,4 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövründən təxminən 3,5 dəfə çoxdur.
Beynəlxalq sərnişinlərin istiqamətlərinə gəldikdə, onların 33,4%-i Azərbaycandan, 21,4%-i Ermənistandan gəlib. Digər tərəfdən, sərnişinlərin 33,7%-i Azərbaycan, 11,5%-i isə Ermənistan istiqamətində yola düşüb.(Report)
13:05 19.08.2026
Oxunuş sayı: 47