CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

10:36 15.10.2026

Tramp: İranı darmadağın etdik, indi kiminlə danışacağımızı bilmirik

2

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yaxın vaxtlarda başa çatacağını və bundan sonra dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib. Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Montana ştatında jurnalistlərə açıqlamasında bildirib. “İranla müharibə çox tezliklə başa çatacaq. Onlar da bunun bitməsini istəyirlər. İran heç vaxt nüvə silahına sahib olmayacaq və neftin qiyməti kəskin şəkildə aşağı düşəcək”, – deyə ABŞ Prezidenti vurğulayıb. Tramp Montana ştatında keçirilən mitinqdə çıxışı zamanı Vaşinqtonun müharibəni dayandırmaq üçün İranın hansı rəsmiləri ilə danışıqlar apardığına dair qeyri-müəyyənliyin olduğunu da etiraf edib. “Onların artıq nə hərbi donanması, nə də hərbi hava qüvvələri var. Orduları darmadağın edilib, liderləri isə aradan götürülüb. Bəlkə də onların rəhbərlərini sağ saxlamalı idim, çünki indi kiminlə danışıqlar apardığımızı bilmirəm”, – deyə Tramp bildirib. ABŞ Prezidenti İranın əvvəllər Yaxın Şərqdə güclü hərbi qüvvəyə malik olduğunu, lakin Amerika ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində bu potensialın ciddi şəkildə zəiflədiyini iddia edib. Onun sözlərinə görə, ABŞ zərbələri nəticəsində İranın 159 hərbi gəmisi məhv edilib və ölkənin hərbi donanması sıradan çıxarılıb. Tramp həmçinin İranın 274 döyüş təyyarəsinin olduğunu, lakin onların hamısının aerodromlarda məhv edildiyini iddia edib. “Onlar əvvəllər güclü idilər, indi isə vəziyyət tamamilə fərqlidir. İranın 159 gəmisi var idi. İndi onların hamısı dənizin dibindədir. Həmçinin 274 döyüş təyyarələri var idi. Bu gün istifadəyə yararlı neçə təyyarələri qalıb? Sıfır! Hamısı İranın aerodromlarında parça-parça olub”, – deyə ABŞ lideri qeyd edib. Qeyd edək ki, Trampın İranın hərbi itkiləri ilə bağlı səsləndirdiyi rəqəmlər müstəqil şəkildə təsdiqlənməyib. Müharibənin başa çatacağı tarix və mümkün razılaşmanın şərtləri barədə isə hələlik konkret məlumat açıqlanmayıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR