CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: ali

03:58 03.10.2026

BMT: Qəzzada tam gücü ilə fəaliyyət göstərən xəstəxana yoxdur

38

Qəzzada humanitar vəziyyətin hələ də son dərəcə ağır olduğu, bölgədə tam gücü ilə fəaliyyət göstərən heç bir xəstəxananın qalmadığı bildirilib. BMT-nin Cenevrə Ofisinin həftəlik mətbuat konfransına onlayn qatılan Dünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi vəziyyətlə bağlı açıqlama verib. O bildirib ki, Qəzzada xüsusilə dərman və tibbi ləvazimatların xroniki çatışmazlığı səhiyyə sisteminin fəaliyyətinə ciddi maneə yaradır. Onun sözlərinə görə, bu materiallar olmadan xəstəxanaların tam və ya qismən fəaliyyət göstərməsi belə mümkün deyil. ÜST nümayəndəsi qeyd edib ki, atəşkəsin elan edilməsindən bir il, İsrailin Qəzzaya qarşı hücumlarının başlamasından isə üç il ötür. Lakin bu müddət ərzində dəyişməyən əsas problemlərdən biri bölgəyə kifayət qədər humanitar yardımın daxil olmamasıdır. Tibbi ləvazimatların təsdiqi orta hesabla 74 gün çəkir ÜST nümayəndəsinin sözlərinə görə, tibbi və digər humanitar yardım ləvazimatlarının Qəzzaya çatdırılmasında əsas maneələrdən biri təsdiq prosedurudur. O bildirib ki, tibbi ləvazimatlar Qəzzaya göndərilməzdən əvvəl İsrail rəsmilərinin təsdiqindən keçməlidir. ÜST-nin son təhlillərinə əsasən, böyük həcmdə tibbi ləvazimatların göndərişinin təsdiqlənib-təsdiqlənmədiyini öyrənmək üçün orta hesabla 74 gün gözləmək lazım gəlir. Göndəriş təsdiqlənmədikdə isə bütün prosesin yenidən başlanmalı olduğu qeyd olunub. Bundan əlavə, təsdiq sistemində mütəmadi dəyişikliklərin edildiyi, yeni tələblərin əlavə olunduğu və prosedurların getdikcə daha da mürəkkəbləşdiyi bildirilib. ÜST nümayəndəsi standart tibbi dəstlərin də ən aşağı təsdiq faizinə malik yardım kateqoriyalarından biri olduğunu deyib. Bu dəstlərə müxtəlif tibbi ləvazimatlardan ibarət əvvəlcədən hazırlanmış paketlər daxildir. Təsdiqdən sonra belə yardımların girişinə icazə verilməyə bilər Açıqlamada qeyd olunub ki, tibbi ləvazimatların Qəzzaya çatdırılması ilkin təsdiqdən sonra da müxtəlif maneələrlə üzləşə bilər. ÜST nümayəndəsinin sözlərinə görə, son altı ay ərzində protez və yardımçı vasitələrdən ibarət bir göndəriş dörd dəfə rədd edilib. O vurğulayıb ki, hər bir belə qərar ətraflarından birini itirmiş və yenidən yerimək imkanını gözləyən insanlar üçün əlavə gecikmə deməkdir. Onun sözlərinə görə, ləvazimatlar təsdiqləndikdən sonra belə proses başa çatmır. Yardımların Qəzzaya faktiki çatdırılmasından əvvəl əlavə yoxlamalar və digər prosedurlar həyata keçirilir. Hətta ilkin təsdiq verildikdən sonra belə göndərişlərin Qəzzaya girişinə bəzən icazə verilmir. Qışın başlaması ilə humanitar yardımın əhəmiyyəti artır Qış mövsümünün başlaması ilə Qəzzaya yardım çatdırılmasının daha da təcili xarakter aldığını bildirən ÜST nümayəndəsi təxminən 2 milyon insanın soyuq hava və daşqın təhlükəsindən qorunmaq üçün sığınacaq dəstəyinə ehtiyac duyduğunu vurğulayıb. BMT-nin sığınacaq və qışa hazırlıq məqsədilə göndərdiyi ləvazimatların da müxtəlif maneələrlə qarşılaşdığı bildirilib. ÜST nümayəndəsi qeyd edib ki, humanitar yardımların Qəzzaya kifayət qədər sürətlə çatdırılmamasının səbəbi tək bir maneə ilə məhdudlaşmır. Onun sözlərinə görə, proses ardıcıl gecikmələrdən ibarət mürəkkəb sistemə çevrilib. Açıqlamada yardımın rədd edilməsi və gecikdirilməsi hallarının azaldılması üçün prosedurlar və ləvazimatların bölgəyə giriş şərtləri barədə aydın, açıq və ictimaiyyətə əvvəlcədən çatdırılan qaydaların müəyyənləşdirilməsinə ehtiyac olduğu vurğulanıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR