Mikael Tariverdiyev: məşhur melodiyaların müəllifinin keşməkeşli həyatı
5 avqust sovet və Rusiya bəstəkarı, "Baharın on yeddi anı" və "Taleyin ironiyası, yaxud həmişə belə olmur!" filmlərinə yazdığı musiqilərlə məşhurlaşan Mikael Tariverdiyevin anadan olmasının 95-ci ildönümüdür.
Crossmedia.az xəbər verir ki, "TASS" bəstəkarın həyat və yaradıcılıq yolundan bəhs edən məqalə yayıb.
Mikael Tariverdiyev 1931-ci ildə Tbilisidə tanınmış erməni ailəsində anadan olub. Uşaqlıq və yeniyetməlik illərində boks, atçılıq və motosikletlə maraqlanıb, hətta Gürcüstanın uzun məsafəyə üzgüçülük üzrə yığmasının üzvü olub.
Onun məktəbdə yazdığı ilk tanınmış əsər məktəb himni olub. Lakin Tariverdiyev həmin məktəbi bitirə bilməyib. Məktəb direktorunun onun sinif yoldaşlarından birinə zərbə vurması nəticəsində həmin şagirdin eşitmə qabiliyyətini itirməsinə etiraz edən Tariverdiyev direktorun təzyiqi ilə məktəbdən ayrılıb və sonuncu sinfi axşam məktəbində başa vurub.
1949-cu ildə onun atası, həmin vaxt Gürcüstan Mərkəzi Bankının direktoru vəzifəsində çalışan Leon Tariverdiyev həbs edilib. Bundan sonra Mikael və anası bir neçə ay ərzində evdən-evə köçərək gizlənib, maddi çətinlik çəkiblər. Tariverdiyev dolanışıq üçün fərdi dərslər verib.
Həmin dövrdə o, iki kiçik balet də yazıb. Bu əsərlər Tbilisi Opera və Balet Teatrının səhnəsində xoreoqrafiya məktəbinin iştirakı ilə tamaşaya qoyulub. İlk peşəkar qonorarına isə özünə şlyapa alıb.
Məktəbdən sonra Tariverdiyev Tbilisi Musiqi Məktəbinə daxil olub və təhsilini bir il ərzində başa vurub. Daha sonra Yerevan Konservatoriyasında təhsil almağa başlayıb, lakin burada cəmi bir il yarım qalıb.
Bəstəkar xatirələrində Yerevanda yaşadığı dövrü çətin mərhələ kimi təsvir edib. Onun sözlərinə görə, konservatoriyada erməni mövzuları və melodiyaları ilə birbaşa bağlı olmayan musiqiyə kosmopolit yanaşılırdı. Tariverdiyev özünü burada "ikinci dərəcəli erməni" kimi hiss etdiyini yazıb.
Yerevandan sonra Moskvaya gedən Tariverdiyev Gnesinlər adına Musiqi-Pedaqoji İnstitutuna, Aram Xaçaturyanın sinfinə qəbul olunub. O, 1952-ci ildə hələ düşərgədə olan atasına yazdığı məktubda qəbul imtahanında yüksək nəticə göstərdiyini qeyd edib. Dörd yer uğrunda 28 nəfərin mübarizə apardığı müsabiqədə Tariverdiyev ən yüksək qiyməti alan yeganə namizəd olub.
Tariverdiyev 1957-ci ildə Gnesinlər adına institutda Aram Xaçaturyanın kompozisiya sinfini bitirib. Daha sonra onun yaradıcılığında kamera-vokal musiqisi, opera və kino musiqisi əsas istiqamətlərdən birinə çevrilib.
Bəstəkar sonralar 132 filmə musiqi yazıb. Onun ən məşhur əsərləri arasında "Baharın on yeddi anı" və "Taleyin ironiyası, yaxud həmişə belə olmur!" filmlərinə yazdığı musiqilər xüsusi yer tutur.
Tariverdiyev 25 iyul 1996-cı ildə Soçidə vəfat edib.
13:29 16.08.2026
Oxunuş sayı: 49