Kosovoda siyasi böhran dərinləşir: Kurti parlamentdə yumurta hücumuna məruz qalıb
Kosovonun özünü elan etmiş rəhbərliyində siyasi böhran davam edir.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir.
Baş nazir vəzifəsini icra edən, hakim Öz müqəddəratını təyin hərəkatının lideri Albin Kurti parlament binasından çıxarkən yumurta hücumuna məruz qalıb.
Hadisə Kurti müxalifəti dialoqa çağırdıqdan sonra baş verib. Lakin tərəflər arasında razılıq əldə olunmayıb və parlament iclası yarımçıq dayandırılıb.
Böhranın səbəbi yeni çağırış parlamentin spikerinin seçilməsi ilə bağlı yaranan fikir ayrılığıdır. Priştinadakı Konstitusiya Məhkəməsinin müəyyən etdiyi müddət başa çatsa da, Kurti danışıqlar üçün əlavə vaxt tələb edib.
“Öz müqəddəratını təyin” hərəkatı iyunun 7-də keçirilən seçkilərdə 120 yerlik parlamentdə 53 mandat qazanıb. Lakin spiker və onun müavinlərinin seçilməsi üçün ən azı 61 səs tələb olunur. Bu səbəbdən hakim qüvvə ya müxalifətlə razılaşmalı, ya da növbədənkənar seçkilərə getməlidir.
Kurti üçün yeni seçkilər arzuolunan ssenari hesab edilmir. Çünki onun hərəkatı əvvəlki seçkilərlə müqayisədə mövqelərini zəiflədib. 2025-ci ilin dekabrında keçirilən səsvermədə “Öz müqəddəratını təyin” 57 mandat əldə etmişdi.
Gərginliyin arxasında Kosovo siyasətindəki köhnə qüvvələrlə mübarizə də dayanır. Kurti uzun müddətdir keçmiş Kosovo Azadlıq Ordusunun nümayəndələri ilə qarşıdurma yaşayır. Bu qruplar hazırda parlamentdə hakimiyyətin möhkəmlənməsinə mane olur.
Kosovonun keçmiş lideri Haşim Taçi də Haaqadakı xüsusi məhkəmədə müharibə cinayətləri ilə bağlı ittihamlarla üzləşir. Onun işi Kosovo siyasətində mühüm amil olaraq qalır.
Eyni zamanda NATO-nun Kosovodakı KFOR missiyasının fəaliyyətində dəyişikliklər də bölgədə narahatlıq yaradıb. Alyans bölgədə vəziyyətin yaxşılaşdığını əsas gətirərək qüvvələrinin bir hissəsini azaltmağı və bəzi mövqeləri Kosovo polisinə təhvil verməyi planlaşdırır.
Serbiya isə bu addımları Kosovo serbləri və pravoslav dini abidələri üçün təhlükə kimi qiymətləndirir. Xüsusilə Kosovska-Mitrovitsa şəhərində İbar çayı üzərindəki körpünün nəzarətinin dəyişdirilməsi simvolik əhəmiyyət daşıyır.
Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, Belqrad NATO ilə silahlı qarşıdurmaya getmək istəmir, lakin Kosovo ilə bağlı vəziyyətə cavab olaraq İbar çayının məcrasının dəyişdirilməsi imkanını nəzərdən keçirə bilər.
Bu addım Kosovo üçün enerji və içməli su problemləri yarada bilər. İbar çayı bölgənin ən böyük su anbarlarından biri olan Qazivodenin su təminatında mühüm rol oynayır.
Bundan əlavə, Serbiya Pravoslav Kilsəsi Kosovoda dini abidələrə və zəvvarlara qarşı təzyiqlərin artdığını iddia edib. Kilsə Priştina hakimiyyətinin pravoslav məbədlərinə nəzarəti artırmağa çalışdığını bildirib.
Ekspertlərin fikrincə, Kurti müxalifətlə razılığa gələ bilməsə, Kosovo 2025-ci ilin əvvəlindən etibarən dördüncü parlament seçkiləri ilə üzləşə bilər. Siyasi böhranın əsas səbəblərindən biri isə prezident postu ilə bağlı razılığın əldə olunmamasıdır.
07:20 15.08.2026
Oxunuş sayı: 42