Azərbaycan Məkkə sazişindən əvvəldən xəbər tutmalı və qoşulmalı idi - Rəy
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında yeni əməkdaşlıq formatının yaradılması regiondakı siyasi və geosiyasi proseslər fonunda diqqət çəkən məsələlərdən birinə çevrilib. Yeni formatın məqsədləri, mümkün fəaliyyət istiqamətləri və Azərbaycanın bu prosesdə hansı mövqedə dayanacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Xüsusilə Azərbaycanın Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə mövcud münasibətləri nəzərə alındıqda, Bakının bu təşəbbüsdə iştirakının vacib olub-olmaması müzakirə mövzusudur.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib: “Əgər Azərbaycan bu sazişin hazırlanmasının ilkin mərhələsindən etibarən prosesdə yoxdursa, mənə elə gəlir ki, ona sonradan qoşulmağa da ehtiyac yoxdur. Çünki Azərbaycan prinsip etibarilə bölgədə çox fəal mövqedə olan ölkədir. Bizim Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə çox vacib və faydalı münasibətlərimiz var. Necə olur ki, onlar öz aralarında belə bir sazişə gəlib çıxır, onu imzalayırlar, amma Azərbaycan post-faktum, yəni hadisə baş verdikdən sonra bu barədə məlumat alır? Vaxtilə, Sovet İttifaqı dağıldıqdan sonra üç ölkə – Türkiyə, Pakistan və İran İqtisadi Əməkdaşlıq Təşkilatının bünövrəsini qoymuşdular və sonradan Mərkəzi Asiyadan Azərbaycana qədər yeni müsəlman ölkələrini də bu sazişə qoşdular. Azərbaycan üçün bu, çox vacib platforma idi. Çünki biz transformasiya prosesini yaşayan bir ölkə idik. Digər tərəfdən, bölgədə müəyyən nüfuza, bacarığa və potensiala malik ölkələrlə əməkdaşlığımızı genişləndirmək və yeni müstəvilərə qədəm qoymaq bizim üçün vacib idi. Bu da baş verdi. İndi isə Azərbaycan orta səviyyəli, eyni zamanda perspektivləri böyük olan bir ölkədir. Düzdür, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə ilə geosiyasi və geoiqtisadi çəkimiz eyni deyil. Buna baxmayaraq, Azərbaycanın çox böyük perspektivi var. Coğrafiyamız yığcam olsa da, qlobal əhəmiyyət daşıyan nəqliyyat və kommunikasiya layihələrində öncül rol oynayırıq. Ən azından Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə nəzər salsaq görərik ki, bu layihə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdü və biz onun öhdəsindən gəldik. Məşvərət Şuraları yaradılıb – həm Qaz Dəhlizi, həm də Yaşıl Enerji ilə bağlı. Bu nə deməkdir? Bu o deməkdir ki, biz həqiqətən də Avrasiya məkanında böyük bir yükü öz üzərimizdə daşıyırıq. İmkanlarımız bizə belə bir şərait yaradır ki, dövlətləri bir-birinə yaxınlaşdıraq, inteqrasiya sistemində yeni formatlar formalaşdıraq və özümüz də burada təşəbbüskar qismində çıxış edək”.

Politoloq qeyd edib ki, Azərbaycana bundan sonra təkliflər ola bilər: “Amma hesab edirəm ki, əvvəldən Azərbaycan bu proses barədə məlumatlı olmalı və orada yer almalı idi. Çünki həqiqətən də, əgər bu üçlük və ya bu format kiməsə qarşı deyilsə, niyə də biz orada olmayaq? Əgər niyyətləri və məramları sağlamdırsa, niyə biz ora dəvət olunmamışıq? biz orada olmasaq da, onsuz da Azərbaycan dövləti bölgədə çox nəcib, faydalı və konstruktiv siyasət yürüdür. Böyük bir arealdan söhbət gedir. Çin sərhədlərindən Avropaya qədər uzanan Orta Dəhliz layihəsi hazırda diqqət mərkəzindədir. Onun gündəmə gəlməsini kim təmin etdi? Bunu Azərbaycan etdi. Bizim yerləşdiyimiz coğrafiyada həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri kəsişir. Azərbaycan açar dövlətdir və burada bizim funksiyamız bütün istiqamətlərə açılan kommunikasiyalarda yaşıl işıq yandırmaqdır. Biz də bunu edirik. Təsadüfi deyil ki, Mərkəzi Asiyanın beş ölkəsi Azərbaycan liderini – Prezident İlham Əliyevi həmin Məşvərət Şurasına dəvət etdi. Nəyə görə? Çünki onların yollarını açan Azərbaycan oldu. Onlara yeni imkanlar yaradan Azərbaycan oldu. Bizim 44 günlük müharibədəki qələbəmiz də bu prosesdə mühüm rol oynadı. “Yeni reallıq yaratmışıq” deyəndə bu, mənası olmayan bir ifadə deyil. Əksinə, biz həqiqətən də yeni sistem formalaşdırmışıq. Yeni geosiyasi və geoiqtisadi parametrlərin kəsişməsində böyük imkanları gündəmə gətirmişik. Bu o deməkdir ki, bizim xidmətlərimizi dost və tərəfdaş ölkələr anlayır, başa düşür və Azərbaycanın fəaliyyətinə adekvat qiymət verirlər. Bu prosesdə isə mən belə başa düşürəm ki, Azərbaycanın həmin formata qoşulmağa tələsməsinə heç bir lüzum yoxdur. Əgər biz əvvəlcədən orada yoxuqsa, onda tələsməməliyik. Baxaq görək, bu format özünü necə ifadə edəcək. Hər bir ölkənin və bütövlükdə üçlüyün bölgədəki aktual məsələlərə münasibəti necə olacaq? Bəlkə də elə bir qərar verəcəklər ki, bu format Azərbaycana heç lazım olmayacaq. Ona görə də burada tələsməyə ehtiyac yoxdur. Biz indiyə qədər gördüyümüz işləri yenidən formatlamalıyıq. Söhbət nədən gedir? Müşahidə qabiliyyətimiz güclü olmalıdır. İnteqrasiyada iştirakımız güclü olmalıdır – biz bunu edirik. Nəhayət, dost və sınaqdan keçmiş ölkələrlə münasibətlərimizi gücləndirməliyik. İlham Əliyev lazım bilsə, əlbəttə ki, biz həmin formata qoşularıq. Hələlik isə mənə elə gəlir ki, bunun üçün fövqəladə bir zərurət yoxdur”.
Zeynəb Həsən
17:00 14.08.2026
Oxunuş sayı: 45