Ukrayna: Rusiya KAB hücumlarını əhəmiyyətli dərəcədə artırıb
Rusiya ordusu idarəolunan aviasiya bombalarından (KAB) istifadə etməklə hücumların miqyasını artırıb.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Hava Qüvvələrinin sözçüsü Yuri İqnat telemarafonun efirində bildirib.
Onun sözlərinə görə, Rusiya qüvvələri hər gecə cəbhə xəttinə və Ukraynanın mülki infrastrukturuna qarşı KAB-larla fasiləsiz zərbələr endirir.
İqnat qeyd edib ki, Rusiya tərəfi hücumlarda keyfiyyətdən daha çox say üstünlüyünə üstünlük verir.
"Rəqib say hesabına üstünlük əldə etməyə çalışır – taktiki aviasiyadan eyni vaxtda 4, 8, 12 idarəolunan aviabomba buraxır. Onların çəkisi 100, 250, 500 kiloqram və daha çox ola bilər. Bununla müəyyən ərazilər hədəfə alınır", – deyə Ukrayna rəsmisi bildirib.
O əlavə edib ki, Rusiya qüvvələri qanadlı raket xüsusiyyətlərinə malik "Banderol" adlı pilotsuz vasitədən də istifadə edir. İqnatın sözlərinə görə, bu tip vasitələr helikopterlərdən və "Orion" pilotsuz uçuş aparatlarından buraxılır.
Qeyd edək ki, Ukrayna tərəfinin məlumatına əsasən, son illərdə Rusiya sovet dövründən qalan böyük həcmdə aviabombaları yüksək dəqiqlikli planlaşdırılan bombalara çevirib. Bu kateqoriyaya əsasən FAB-250, FAB-500, FAB-1500 və FAB-3000 bombaları aid edilir.
Ukrayna rəsmiləri bildirirlər ki, bu bombalar xüsusi planlaşdırma və korreksiya modulları ilə təchiz olunur və təyyarədən buraxıldıqdan sonra onlarla kilometr məsafəni qət edə bilir. Rusiya tərəfi isə bu məlumatlarla bağlı ayrıca açıqlama verməyib.
12:58 27.07.2026
Oxunuş sayı: 57