Rusiya: Avropa ABŞ-nin nüvə çətirinə əvvəlki kimi güvənmir
Avropa ölkələri ABŞ-nin təhlükəsizlik zəmanətlərinə əvvəlki qədər etibar etmədikləri üçün öz çəkindirici mexanizmlərini formalaşdırmağa çalışırlar.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə Rusiyanın BMT-nin Cenevrədəki daimi nümayəndəsi Gennadi Qatilovun müsahibəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Avropa İttifaqında ABŞ-nin nüvə "çətiri"nin etibarlılığı ilə bağlı narahatlıqlar artır və bu istiqamətdə görülən işlər artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır.
Qatilov bildirib ki, Fransa Almaniya və Polşa ilə nüvə sahəsində praktiki əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. O xatırladıb ki, ötən həftə nüvə silahı daşımaq qabiliyyətinə malik qırıcıların havada yanacaq doldurulması üzrə Fransa və Almaniyanın birgə hərbi təlimləri keçirilib.
Rusiyalı diplomatın fikrincə, bu proses hələ başlanğıc mərhələsindədir. O qeyd edib ki, Almaniyada ölkənin öz nüvə arsenalına malik olmasının məqsədəuyğunluğu barədə açıq müzakirələr aparılır, Polşada isə belə bir ehtimal istisna edilmir.
Qatilov əlavə edib ki, Finlandiya, Estoniya və Litva kimi ölkələr də NATO müttəfiqlərinə məxsus nüvə silahlarının öz ərazilərində yerləşdirilməsi imkanını əldə etmək üçün fəallıq nümayiş etdirirlər.
10:32 27.07.2026
Oxunuş sayı: 62